MDU-da startapla bağlı tələbələrlə görüş keçirilib

2025-ci ilin 8 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Ömürboyu Təhsil Məktəbinin təşkilatçılığı ilə Regional Universitet-Sənaye Birliyi Sammiti çərçivəsində keçirilməsi planlaşırılan “UniStartup” müsabiqəsi üçün qeydiyyatdan keçən tələbələrlə görüş keçirilib.

Görüşün əsas məqsədi gəncləri layihə və startup dünyası ilə yaxından tanış etmək, onların innovativ ideyalarının formalaşmasına və təqdimat bacarıqlarının inkişafına dəstək göstərmək olub.

Tədbirdə təqdimatçılar qismində Azər Hüseyn, Elvin Məmmədzadə, Əziz Əmiraslanov və Elcan Seyidov çıxış edərək tələbələrlə öz bilik və təcrübələrini bölüşüblər. Təlim zamanı “Layihə və Startup anlayışları arasındakı fərqlər”, “Layihə yazısının düzgün struktur qaydaları”, “Layihə hazırlanarkən edilən tipik səhvlər və onların qarşısının alınması yolları”, “Pitch Deck (layihə təqdimatı) hazırlama üsulları”, “Müasir layihə alətləri və platformalar”, “Startup qurucularının qarşılaşdığı çətinliklər və onların həlli yolları” kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

İştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyərək, real nümunələr üzərində müzakirələr aparıb, öz ideyalarını necə inkişaf etdirə biləcəklərini öyrəniblər. İnteraktiv sual-cavab sessiyası zamanı tələbələr startup ekosistemi, maliyyələşmə imkanları və təqdimat bacarıqları barədə suallarına cavab tapıblar.

Tədbir gənclərin layihə yazmaq, startup ekosistemində iştirak etmək və gələcəkdə uğurlu sahibkarlıq fəaliyyətinə başlamaq istiqamətində motivasiyasını artırıb.