Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “İlk Tibbi Yardım və Fövqəladə Hallar” mövzusunda təlim təşkil olunub. Mingəçevir “ASAN Xidmət” Mərkəzində keçirilən təlimdə MDU-nun bir qrup əməkdaşı və tələbələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin və məkəzin əməkdaşları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin nümayəndələri iştirak ediblər.
Təlimi MDU-nun Mexanika kafedrasının gənc müəllimi Məcid Bədəlov aparıb. O, fövqəladə hallar baş verdiyi zaman ilkin tibbi yardımın göstərilməsi, mövcud risk və təhlükələrin qiymətləndirilməsi, hadisəyə operativ və düzgün müdaxilə qaydaları barədə geniş və praktik məzmunlu təqdimatla çıxış edib. Təqdimat zamanı fövqəladə hal anlayışı, fövqəladə halların iyerarxiyası və xüsusiyyətləri, fövqəladə vəziyyətlər zamanı davranış qaydaları ətraflı izah olunub.
Eyni zamanda ilkin tibbi yardımın növləri və tətbiq mexanizmləri, o cümlədən Heimlich metodu, qapalı ürək-ağciyər reanimasiyası (ÜAR), 360°–5 m prinsipi barədə iştirakçılara praktik məlumatlar verilib. Təlim çərçivəsində iştirakçılar fövqəladə vəziyyətlərdə düzgün və operativ ilkin tibbi yardım göstərmə bacarıqlarını təkmilləşdiriblər.
Tədbirdə FHN-nin Aran Regional Mərkəzinin əməkdaşı, mayor Vüqar İbrahimli, Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanlar Qurbanov və Mexanika kafedrasının müdiri Mahir İsmayılov çıxış edərək mülki müdafiə sahəsində maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.
Təlim zamanı səsləndirilən fikirlərdə cəmiyyətin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının insan həyatının qorunması, sağlam və təhlükəsiz mühitin formalaşdırılması, eləcə də məsuliyyətli və dayanıqlı sosial davranış modelinin təşviqi baxımından xüsusi önəm daşıdığı bildirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində təşkil olunan bu kimi maarifləndirici və praktiki yönümlü tədbirlər təhlükəsiz və davamlı cəmiyyətin formalaşmasına, gənclərdə çevik reaksiya və məsuliyyət mədəniyyətinin inkişafına, həmçinin ictimai təhlükəsizlik sahəsində institusional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.