2026-cı ilin 6 mart tarixində Mingəçevir Dövlət Universiteti ilə “Ingress Group” MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandum tərəflər arasında ali təhsil ilə qeyri-formal təhsilin inteqrasiyasının gücləndirilməsi, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi, eləcə də innovasiya, sahibkarlıq və texnologiya yönümlü təşəbbüslərin təşviqi məqsədilə uzunmüddətli və səmərəli əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Memoranduma əsasən tərəflər seminar, təqdimat və ixtisasartırma təlimlərinin təşkili, startap və innovasiya layihələrinin təşviqi, tələbələr üçün istehsalat və ixtisas təcrübələrinin təşkil edilməsi, həmçinin texnologiya və innovasiya sahəsində müxtəlif layihələrin həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq çərçivəsində “Ingress Academy” ilə birgə fəaliyyət imkanları da müzakirə olunub. Bildirilib ki, akademiya vasitəsilə Mingəçevir Dövlət Universitetinin tələbələri və əməkdaşları üçün əyani və ya onlayn formatda təlimlərin təşkili mümkündür. Qeyd olunub ki, bu təlimlər yalnız tələbələrin deyil, eyni zamanda universitet əməkdaşlarının da peşəkar inkişafına töhfə verə bilər.
Tərəflər həmçinin tələbələrin innovativ fəaliyyətə cəlb olunması məqsədilə startap müsabiqələri, ideya yarışmaları, masterclasslar, butkamp və hakatonların təşkili imkanlarını da nəzərdən keçiriblər. Bu təşəbbüslərin region gənclərinin texnoloji bilik və bacarıqlarının inkişafına, onların innovasiya ekosistemində daha fəal iştirakına şərait yaradacağı vurğulanıb.
Memorandum çərçivəsində tələbələrin “Ingress Group” MMC və onun tərəfdaş qurumlarında istehsalat və ixtisas təcrübələrinə cəlb edilməsi, eləcə də təhsil proqramları ilə uyğunlaşdırılmış praktiki təcrübə imkanlarının yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, tərəflərin birgə hazırladığı proqramlar əsasında ikili sertifikat proqramlarının həyata keçirilməsi və sertifikatların beynəlxalq standartlara uyğunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, imzalanmış memorandum Mingəçevir Dövlət Universiteti ilə biznes sektoru arasında əməkdaşlığın genişləndirilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına və regionda innovasiya və texnologiya yönümlü təşəbbüslərin təşviqinə xidmət edən mühüm əməkdaşlıq platforması yaradır.