You are currently viewing İslam İqtisadiyyatı və Maliyyəsi üzrə 2-ci Karatay Beynəlxalq Konfransı (KARCIEF 2022)

İslam İqtisadiyyatı və Maliyyəsi üzrə 2-ci Karatay Beynəlxalq Konfransı (KARCIEF 2022)

  • Post category:Elanlar

Mingəçevir Dövlət Universiteti (MDU) 2022-ci ilin 17-18 iyun tarixlərində Türkiyənin KTO Karatay Universitetində keçiriləcək “Dayanıqlı ağıllı kənd təsərrüfatı, Fintex, blokçeyn texnologiyası və islam maliyyəsi” mövzusunda İslam İqtisadiyyatı və Maliyyəsi üzrə İkinci Karatay Beynəlxalq Konfransının (2nd Karatay Internatıonal Conference on Islamic Economics and Finance – KARCIEF 2022) akademik tərəfdaşlarından biri seçilib.

Dünyanın müxtəlif ölkələrindən akademik heyəti və praktik mütəxəssisləri bir araya toplamaqla islam iqtisadiyyatı və maliyyəsi sahəsində mövcud problemləri müzakirə etmək və innovativ həllər təklif etmək məqsədi daşıyan sözügedən beynəlxalq konfransa 100-dən çox məruzəçi və iştirakçının qatılacağı gözlənilir.

KARCIEF 2022 “İslamda kənd təsərrüfatı və aqrobiznes anlayışı”, “İslam bankları tərəfindən kənd təsərrüfatı sektoru üçün təqdim edilən maliyyə imkanları”, “Kənd təsərrüfatı dəyər zəncirində Fintex və islam maliyyəsi məhsullarının inkişafı”, “Kənd təsərrüfatı sektorunda kraudfandinq və islam maliyyəsinin potensialı”, “İslam maliyyəsi ərzaq təhlükəsizliyini gücləndirən strateji mexanizm kimi”, “Kənd təsərrüfatının maliyyələşdirilməsində islam maliyyəsi alətlərinin tətbiqi”, “Kənd təsərrüfatının inkişafında islam kapital bazarı alətlərinin rolu”, “Kənd təsərrüfatı sektoru üçün vəqf əsaslı islam Fintex modelləri” və “Kənd təsərrüfatında mənfəət və zərərin bölüşdürülməsi” mövzularını əhatə edəcəkdir.

Konfransa qəbul edilən məqalələr “Journal of Islamic Economics and Finance (KARJIEF)”, “International Journal of Islamic Economics and Finance Studies (IJISEF)” və “Journal of Islamic Finance (JIF)” kimi elmi nəşrlərdə dərc olunacaqdır. Akademik tərəfdaş olan universitetlərdən, o cümlədən MDU-dan konfransa təqdim olunacaq 5-ə qədər məqalə ödənişsiz, qalan məqalələr isə müvafiq endirimlərlə ödənişli əsaslarla qəbul ediləcəkdir.

Konfransda iştirakla bağlı ətraflı məlumatı KARCIEF-in rəsmi internet saytından (https://karcief.karatay.edu.tr/) əldə etmək olar.