2026-cı ilin 25 aprel tarixində Mingəçevir Dövlət Universitetində keçirilən “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” beynəlxalq konfransı çərçivəsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Səbinə Eyyubova tərəfindən tələbə və magistrantlar üçün “Kəkələməni anlamaq və idarə etmək” mövzusunda vorkşop təşkil olunub.
Vorkşop zamanı iştirakçılara nitq axıcılığının pozulması kimi tanınan kəkələmənin psixoloji və neyrofizioloji əsasları, yaranma səbəbləri və fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişən təzahür formaları barədə ətraflı məlumat verilib. Təqdimatda kəkələmənin yalnız nitq problemi deyil, eyni zamanda emosional və sosial faktorlarla sıx bağlı kompleks bir vəziyyət olduğu vurğulanıb.
Səbinə Eyyuboca çıxışında kəkələmənin idarə olunmasına yönəlmiş müasir yanaşmalar, davranış və koqnitiv strategiyalar, eləcə də ünsiyyət bacarıqlarının inkişafına xidmət edən praktik üsullar haqqında danışıb. Xüsusilə, stresin azaldılması, özünəinamın gücləndirilməsi və nitq zamanı yaranan psixoloji gərginliyin aradan qaldırılması istiqamətində tətbiq olunan metodlar iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv formatda keçirilən vorkşop çərçivəsində tələbə və magistrantlarla praktiki məşğələlər aparılıb, real situasiyalar əsasında nümunələr üzərində işlənilib və iştirakçıların aktiv iştirakı təmin olunub. Bu yanaşma mövzunun daha yaxşı mənimsənilməsinə və əldə olunan biliklərin praktik tətbiqinə imkan yaradıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Vorkşop tələbələrin psixoloji maarifləndirilməsi və ünsiyyət bacarıqlarının inkişafı baxımından faydalı platforma kimi dəyərləndirilib.