Mingəçevir Dövlət Universitetində “elm–təhsil–sənaye” əməkdaşlığı çərçivəsində “Gələcəyin enerjisi: innovativ enerji klasterinin inkişafı” mövzusunda təcrübi master-klass keçirilib.
MDU-nun Elm və innovasiyalar şöbəsi, Mühəndislik fakültəsi və Energetika kafedrasının “Azərbaycan İES” MMC ilə birgə təşkilatçılığı ilə baş tutan tədbir tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi və universitet–sənaye əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva bu kimi təşəbbüslərin tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib, onların real istehsalat mühitinə uyğun bacarıqlarla formalaşmasının vacibliyini vurğulayıb.
Master-klass çərçivəsində “Azərbaycan İES” MMC-nin mütəxəssisləri tərəfindən müasir energetika sektorunun aktual istiqamətləri üzrə geniş təqdimatlar edilib. Çıxışlarda istilik elektrik stansiyalarında enerji səmərəliliyinin artırılması, ənənəvi və bərpa olunan enerji mənbələrinin inteqrasiyası, ekoloji çağırışlar və karbon emissiyalarının azaldılması, enerji sistemlərinin rəqəmsallaşdırılması və süni intellekt əsaslı idarəetmə yanaşmaları, eləcə də enerji təhlükəsizliyi və resursların optimallaşdırılması kimi məsələlərə toxunulub.
Təlim zamanı iştirakçılara innovativ texnologiyaların tətbiqi, enerji sahəsində müasir trendlər və bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin praktiki nəticələri barədə ətraflı məlumat verilib. İştirakçılar mütəxəssislərlə fikir mübadiləsi aparmaq və suallarını ünvanlamaq imkanı əldə ediblər.
Tədbirin sonunda Energetika kafedrasının müdiri Kəmalə Eyyubova çıxış edərək təşkilatçılara və dəvət olunmuş mütəxəssislərə təşəkkürünü bildirib, bu cür master-klassların tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə universitet rəhbərliyinin nümayəndələri, professor-müəllim heyəti, tələbələr və sənaye nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində “elm–təhsil–sənaye” əməkdaşlığının inkişafı istiqamətində həyata keçirilən bu kimi təşəbbüslər tələbələrin praktiki bacarıqlarının artırılmasına, innovativ düşüncənin formalaşdırılmasına və gələcək mühəndis kadrların hazırlanmasına mühüm töhfə verir.