MDU-da 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

  • Post category:MDU xəbərləri

2024-ci ilin 29 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “31 Mart Soyqırımı: Erməni vəhşiliyi haqqında tarixi həqiqətlər” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdiyi vəhşiliklər, tarixi faktları saxtalaşdırmaları və xislətləri ilə seçildiklərini bildirib. Bu soyqırım hadisəsinə hüquqi qiymətin verilməsindən bəhs edən rektor ermənilərin xalqımıza qarşı həyata keçirdiyi qətliamın faktlarla gələcək nəsillərə ötürülməsinin vacibliyindən söhbət açıb və universitetdə bu istiqamətdə keçirilən elmi konfransların, tədbirlərin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Daha sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun dosenti Nizami Zeynalov “31 mart Soyqırımı: erməni vəhşiliyinin unudulmayacaq qanlı nümunəsi”, müəllimlərdən Vüsalə Mövlayeva “31 Mart – azərbaycanlıların soyqırımı tarix dərslərində” və Səadət Ağakişiyeva “Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatımızda” mövzularında məruzələrlə çıxış ediblər.

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə mühüm əhəmiyyət verilir.