Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələrinin iştirakı ilə formalaşmış “LankonFarm” startap layihəsi Bakıda keçirilən “Rebuilding Karabakh” Hakatonunda I yerə layiq görülüb. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində reallaşdırılan hakaton gənclərin Qarabağın yenidən qurulmasına innovativ yanaşmalarını dəstəkləməyi hədəfləyib.
Hakatonda iştirakçılar “ağıllı şəhərlər”, “yaşıl texnologiyalar” və “dayanıqlı inkişaf” istiqamətlərində yeni nəsil ideyalar və texnoloji həllər təqdim ediblər. Təqdim olunan layihələr yalnız ideyadan ibarət olmayıb, həm də gələcəyin Qarabağını müasir, ekoloji və yaşıl standartlara uyğun şəkildə dizayn etməyə yönəlib.
MDU-nu yarışmada “Rİ23.1” qrupunun tələbəsi Məhəmməd Muğumov universitetin İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Elvin Muradzadənin mentorluğu ilə təmsil edib. Bununla yanaşı, layihənin hazırlanması və inkişafında universitetin müəllimləri və rəhbərliyi tərəfindən də tələbəyə mütəmadi metodiki və mənəvi dəstək göstərilib. Onların birgə hazırladıqları “LankonFarm” startapı kənd təsərrüfatında yeni texnoloji yanaşmaların tətbiqi ilə məhsuldarlığın artırılmasına və dayanıqlı istehsal modellərinin formalaşdırılmasına yönəlib.
Komandamızı MDU ailəsi adından təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.
Qeyd edək ki, MDU-da innovasiya ekosisteminin inkişafı, tələbələrin startap mədəniyyətinə cəlb olunması və yeni ideyaların reallaşdırılmasına xüsusi önəm verilir.