MDU-da Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair Milli Strategiya müzakirə olundu

  • Post category:Xəbərlər (AZ)

MDU-da Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin

təkmilləşdirilməsinə dair Milli Strategiya müzakirə olundu

Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsində “Fizika və ekologiya” kafedrasının təşkilati dəstəyi ilə “Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair Milli Strategiya”nın həyata keçirilməsinə həsr olunmuş elmi seminar keçirilmişdir.

Seminarda Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova, Mingəçevir Bələdiyysinin Yerli ekoloji məsələlərə dair komissiyanın sədri Sahib Hüseynov, Mingəçevir şəhər ETSN 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Qərib Abdullayev, Mingəçevir şəhər Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin rəis müavini Tahir Abdullayev, Mingəçevir şəhər ETSN 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektorunun” aparıcı məsləhətçisi Günel Əliyeva, Mingəçevir Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinin nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə rektor Akif Hacıyev açıb. Bildirib ki, Azərbaycan Respublikasının iqtisadi potensialından səmərəli istifadə olunması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Böyük Bakının müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, habelə insanların sağlamlığının təmin edilməsi üçün ölkədə kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin müasir standartlara cavab verən tərzdə qurulmasına əlverişli şərait yaranmışdır.

Akif Hacıyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, “2011–2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri çərçivəsində beynəlxalq investisiyalar cəlb etməklə təhlükəli (o cümlədən radioaktiv) tullantıların yığılması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üçün poliqonlar yaradılmışdır.

Rektor Akif Hacıyev daha sonra qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” formalaşdırılmış, birinci mərhələdə 5 ili əhatə edəcək bu Milli Strategiyanın uğurla həyata keçirilməsi üçün konkret addımlar atılmasına və müsbət nəticələr əldə edilməsinə yönələn müvafiq tədbirlər müəyyənləşdirilmişdir. Məhz bu sərəncamdan irəli gələn məsələləri bu gün ki, seminarda müzakirə etmək tədbir iştirakçılarının üzərinə düşdüyünü bildirmişdir.

Sonra Mühəndislik fakültəsinin dekanı, tex.f.d., dos. Vüqar Mustafayev “Bərk məişət tullantılarının idarə edilməsi – Azərbaycan dövləti üçün strateji məsələdir” mövzusunda, k.f.d., dos. Adil Aslanov “Bərk məişət tullantılarının azaldılması yolları” mövzusunda, Mingəçevir şəhər ETSN 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Qərib Abdullayev “Utilizasiya və ötürücü tullantı məntəqələrinin əhəmiyyəti” mövzusunda, k.f.d., dos. Pərvanə Səfərova “Tullantılara ikinci həyat” mövzusunda, f.f.d., baş müəllim Rayihə Ağayeva “İnsan fəaliyyətinin ekoloji fəsadları” mövzusunda və magistrant Gülmirə Məmmədova “Bərk məişət tullantılarının emalı texnologiyası” mövzusunda çıxış etmişlər.

Sonra məruzələr ətrafında müzakirələrə başlanılıb. Mingəçevir şəhər ETSN 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektorunun” aparıcı məsləhətçisi Günel Əliyeva, Dos. Vüqar Mustafayev, Mingəçevir şəhər Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin rəis müavini Tahir Abdullayev, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova, MDU TEC-nin sədri, İqtisadiyyat kafedrasının baş müəllimi Günəş Şəfaqətov fikir mübadiləsi aparmışlar.

Sonda Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev seminarın işində əməyi olan hər kəsə təşəkkür bildirmiş və bu tədbirin gələcəkdə Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhərin digər icra edici qurumları, müəssisə və təşkilatların iştirakı ilə keçirilməsini təklif etmişdir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsi “Fizika və ekologiya” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Pərvanə Səfərovanın rəhbərliyi ilə universitetin tələbələrinin “Tullantılara ikinci həyat” devizi ilə əl işləri nümayiş olunmuşdur.

{phocagallery view=category|categoryid=151|limitstart=0|limitcount=0}