MDU-da “Green Future Universities – 2026” beynəlxalq dəyirmi masası keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində ali təhsildə dayanıqlı inkişaf, yaşıl transformasiya və beynəlxalq akademik əməkdaşlıq mövzularına həsr olunmuş “Green Future Universities – International Online Round Table 2026” adlı beynəlxalq onlayn dəyirmi masa keçirilib. Tədbir universitetlərin ekoloji məsuliyyət, dayanıqlı enerji siyasəti, yaşıl kampus idarəçiliyi və beynəlxalq reytinq sistemlərinə uyğun inkişaf strategiyalarının təşviqi məqsədilə təşkil olunub.

Dəyirmi masada Al-Farabi Kazakh National University, Tashkent State Technical University və Kozybayev University universitetlərinin nümayəndələri, eləcə də müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və təhsil ekspertləri iştirak ediblər. Tədbirin moderatoru Mingəçevir Dövlət Universitetinin tədris məsələləri üzrə prorektoru Natavan Namazova olub.

Tədbir çərçivəsində universitetlərin dayanıqlı inkişaf strategiyaları, iqlim dəyişikliklərinə uyğunlaşma, yaşıl enerji sistemləri, ekoloji idarəetmə mexanizmləri və “smart campus” həlləri ilə bağlı aktual mövzular müzakirə edilib.

Tashkent State Technical University nümayəndəsi, PhD Nargiza Dalmuradova “Climate-Adaptive Assessment of Renewable Energy Systems under Real Operating Conditions” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda bərpa olunan enerji sistemlərinin real iqlim və istismar şəraitində qiymətləndirilməsi, karbon izi göstəricilərinin mühəndislik metrikası kimi tətbiqi və Mərkəzi Asiya regionunda iqlimə uyğun enerji modellərinin formalaşdırılması məsələləri geniş şəkildə təhlil olunub.

Çıxış zamanı vurğulanıb ki, bərpa olunan enerji sistemlərinin “sıfır emissiya” anlayışı yalnız istismar mərhələsini deyil, istehsal, nəqliyyat, quraşdırma və utilizasiya proseslərini də əhatə edən tam həyat dövrü yanaşması əsasında qiymətləndirilməlidir. Təqdimatda iqlim faktorları, texniki göstəricilər və əməliyyat idarəçiliyinin enerji sistemlərinin səmərəliliyinə təsiri barədə elmi yanaşmalar təqdim olunub.

Müzakirələr zamanı ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs), UI GreenMetric və Times Higher Education Impact Rankings kimi beynəlxalq reytinq sistemlərinə uyğun fəaliyyət istiqamətlərinin genişləndirilməsinin vacibliyi qeyd edilib. Bununla yanaşı, universitetlərarası elmi əməkdaşlıq, dayanıqlı enerji tədqiqatları və yaşıl innovasiya ekosisteminin inkişafı sahəsində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Mingəçevir Dövlət Universiteti son dövrlərdə yaşıl kampus yanaşmaları, dayanıqlı idarəetmə, rəqəmsal transformasiya və beynəlxalq akademik inteqrasiya istiqamətində həyata keçirdiyi təşəbbüslərlə qlobal ali təhsil məkanında mövqeyini gücləndirməkdədir.