MDU-da “Yaşıl Gələcəyin Universitetləri – 2026” beynəlxalq dəyirmi masası keçirilib

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsildə dayanıqlı inkişaf, yaşıl transformasiya və beynəlxalq akademik əməkdaşlıq mövzularına həsr olunmuş “Yaşıl Gələcəyin Universitetləri – 2026” adlı beynəlxalq onlayn dəyirmi masa keçirilib. Tədbir universitetlərin dayanıqlı inkişaf strategiyalarının gücləndirilməsi, yaşıl kampus yanaşmalarının təşviqi və beynəlxalq reytinq sistemlərinə uyğun institusional inkişaf modellərinin müzakirəsi məqsədilə təşkil olunub. Dəyirmi masanın moderatoru Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova olub.

Tədbirdə Əl-Fərabi adına Qazax Milli Universiteti, Daşkənd Dövlət Texniki Universiteti və Kozıbayev Universitetlərinin nümayəndələri çıxış edib, müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və tələbələr iştirak ediblər. Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nümayəndəsi Shortanbayeva Janar “Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin ekoloji təşəbbüsləri” mövzusunda çıxış edib. Təqdimatda universitetdə həyata keçirilən ekoloji təşəbbüslər, tullantıların idarə olunması və təkrar emal infrastrukturu, tələbələrin ekoloji maarifləndirmə və könüllülük fəaliyyətləri, yaşıl enerji və dayanıqlı inkişaf əsaslı təhsil yanaşmaları barədə məlumat verilib. Bununla yanaşı, universitetin beynəlxalq əməkdaşlıq platformaları və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi layihələr təqdim olunub.

Daşkənd Dövlət Texniki Universitetinin nümayəndəsi, fəlsəfə doktoru Nərgizə Dalmuradova “Bərpa olunan enerji sistemlərinin real istismar şəraitində iqlimə uyğun qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda bərpa olunan enerji sistemlərinin real iqlim və istismar şəraitində qiymətləndirilməsi, karbon izi göstəricilərinin mühəndislik meyarı kimi tətbiqi, enerji sistemlərinin həyat dövrü üzrə emissiya faktorları və Mərkəzi Asiya regionunda iqlimə uyğun enerji modellərinin formalaşdırılması məsələləri geniş şəkildə təhlil olunub. Kozıbayev Universitetinin nümayəndələri Marina Pogrebitskaya və Anna Kornilova “Universitetin dayanıqlı inkişaf strategiyası” mövzusunda çıxış ediblər. Təqdimatda universitetin ekoloji, sosial və idarəetmə əsaslı idarəetmə modeli, dayanıqlı inkişaf strategiyası, beynəlxalq dayanıqlılıq və təsir reytinqləri üzrə fəaliyyət istiqamətləri, eləcə də su resurslarının rəqəmsal monitorinqi, bioinformatika, aqrar innovasiya və yaşıl texnologiyalar sahəsində həyata keçirilən beynəlxalq layihələr barədə məlumat verilib.

Tədbir çərçivəsində ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət istiqamətlərinin genişləndirilməsi, yaşıl universitet modellərinin tətbiqi, ekoloji məsuliyyət siyasətləri və beynəlxalq akademik əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. “Yaşıl Gələcəyin Universitetləri – 2026” beynəlxalq dəyirmi masası MDU-nun dayanıqlı universitet modeli, beynəlxalq görünürlük və ekoloji məsuliyyət sahəsində strateji hədəflərinə xidmət edən mühüm akademik platforma kimi qiymətləndirilib.