2026-cı ilin 1 iyul tarixində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfərləri çərçivəsində İzmir şəhərində yerləşən Ege Universitetində olub.
Səfərin əsas məqsədi Mingəçevir Dövlət Universiteti ilə Ege Universiteti arasında mövcud akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi, ikili diplom proqramlarının icra vəziyyətinin müzakirəsi, “Orhun mübadilə proqramı” üzrə əldə olunan nəticələrin qiymətləndirilməsi və növbəti çağırışlarda MDU-nun tələbə və əməkdaşları üçün daha geniş iştirak imkanlarının araşdırılması olub.
Görüşlər zamanı tərəflər ali təhsildə beynəlxalqlaşma, tədris proqramlarının əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması, akademik mobilliyin artırılması, keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi və dayanıqlı universitet idarəetməsi istiqamətində fikir mübadiləsi aparıblar. Müzakirələr MDU-nun “yaşıl universitet”, regional inkişaf, insan kapitalının gücləndirilməsi və qlobal tərəfdaşlıqların genişləndirilməsi prioritetləri ilə uzlaşan strateji yanaşma əsasında aparılıb.
Səfər çərçivəsində Ege Universitetinin təhsil-tədris prosesinə məsul struktur bölmələri ilə iş görüşləri keçirilib. Görüşlərdə tədris planları, fəaliyyət planları, ikili diplom proqramlarının akademik tələbləri, sənədləşmə prosedurları və qarşılıqlı uyğunlaşdırma məsələləri ətrafında müzakirələr aparılıb. Xüsusilə proqramların davamlılığı, tələbələrin təhsil trayektoriyası, kredit uyğunluğu və növbəti mərhələdə görüləcək işlər diqqət mərkəzində olub.
Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Ege Universitetinin Spor Bilimleri Fakültesində də görüş keçirib. Fakültə rəhbərliyi və akademik heyətlə aparılan müzakirələrdə idman elmləri, sağlam həyat tərzi, su idmanları və bu istiqamətdə tədris proqramlarının formalaşdırılması üzrə Ege Universitetinin təcrübəsi öyrənilib. Mingəçevirin təbii-coğrafi üstünlükləri, su hövzəsi potensialı və regionda sağlam həyat tərzinin təşviqi nəzərə alınaraq MDU-da idman və su idmanları sahəsində yeni akademik təşəbbüslərin reallaşdırılması imkanları müzakirə olunub.
Bu istiqamətdə gələcəkdə tədris planlarının hazırlanması, ekspert dəstəyinin göstərilməsi, akademik heyətin təcrübə mübadiləsinə cəlb edilməsi və müvafiq sahələr üzrə ilkin yol xəritəsinin formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Ege Universitetinin rektoru Prof. Dr. Musa Alcı və prorektoru Prof. Dr. Murat Boyacı ilə keçirilən görüşdə də ikitərəfli əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Görüşdə ikili diplom proqramlarının cari vəziyyəti, Orhun mübadilə proqramı üzrə əməkdaşlığın genişləndirilməsi, yeni akademik istiqamətlərin yaradılması və universitetlərarası tərəfdaşlığın daha sistemli mexanizmlər əsasında inkişaf etdirilməsi məsələləri diqqətə çatdırılıb.
Ege Universitetinin İktisadi ve İdari Bilimler Fakültesi ilə keçirilən ayrıca görüşdə isə ikili diplom proqramlarının icra mexanizmləri, mövcud prosesdə qarşıya çıxan məsələlər, yenidən baxılması zəruri olan sənədlər və növbəti iş planları müzakirə edilib. Tərəflər proqramın daha səmərəli təşkili, tələbə məmnunluğunun artırılması və akademik nəticələrin dayanıqlı şəkildə izlənilməsi baxımından birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, səfər MDU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan regional universitet modelinin gücləndirilməsi və tələbələr üçün daha geniş akademik imkanların yaradılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.