2024-cü il dekabrın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) genişləndirilmiş iclası keçirilib. İclasda
akademik və inzibati heyət üzvləri iştirak edirdilər Görüş Ümummilli lider Heydər Əliyevin, Vətən uğrunda canlarından keçən şəhidlərin və 25 dekabr Aktau faciəsində həyatını itirən həmyerlilərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov iclasın gündəliyi ilə görüş iştirakçılarını tanış etməmişdən əvvəl 2024-cü ildə əldə olunan uğurları qeyd edərək bildirdi ki, 2024-cü il bütövlükdə dövlətimiz üçün uğurlu il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın siyasi nüfuzu daha da artmış və bir sıra uğurlu layihələrə imza atılmışdır.
2024-cü ildə MDU-da həyata keçirilən bir sıra uğurlu işlərə diqqət yetirən Üzeyir Zeynalov bildirdi ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da reallaşdırılan çoxşaxəli fəaliyyətlər, 2024-cü ildə tədris, elm, beynəlxalq əməkdaşlıq, universitetin müxtəlif sahələrdə əldə etdiyi uğurlar bizim hamımızı sevindirir və növbəti il üçün qarşımıza yeni hədəflər qoyur. MDU-nun yeni dövrün universitetinə çevrilməsində hər bir əməkdaşın üzərinə düşən məsuliyyətdən danışan Üzeyir Zeynalov bu istiqamətdə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra gündəliyə uyğun olaraq
2024/2025-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında Tədris şöbəsinin müdir müavini Səbuhi Qəhrəmanov məlumat verərək bildirdi ki, 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün lazımi işlər görülüb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq MDU üzrə əmr verilmiş və bütün struktur bölmələrə müvafiq tapşırıqlar verilmişdir. Fakültə dekanları imtahan sessiyası ilə bağlı görülən işlərdən danışdılar.
Gündəlikdə duran ikinci məsələ, MDU-da rəqəmsal inkişaf və layihələrin idarə olunması sahəsində görülən işlər haqqında Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev ətraflı məlumat verib və müvafiq qərarlar qəbul edilib. Həmçinin iclasda Mingəçevir Dövlət Universitetində Pedaqogika və psixologiya kafedrasının nəzdində Qazilərə Sosial Xidmət Mərkəzinin, İnkubasiya və Akselerasiya Mərkəzinin, Mərkəzi Aran tədqiqatlar Mərkəzinin yaradılması, Təhsil fakültəsi üzrə təcrübənin təşkil haqqında proqramın, MDU-da tyutor xidməti işinin təkmilləşdirilməsi haqqında qərarlar qəbul olunub.
Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev MDU əməkdaşları tərəfindən hazırlanan dərslik və dərs vəsaitləri haqqında məlumat verib.
MDU-nun elmi işlər üzrə prorektoru Veysəl Əyyubov 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya ilə bağlı görülən işlər haqqında məlumat verərək bildirdi ki, hər əməkdaş öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. İclasın sonunda
universitetin uğurlarında pay sahibi olan əməkdaşlara təşəkkürünü bildirən Üzeyir Zeynalov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən universitetin kollektiv üzvləri MDU-da əldə edilən nailiyyətlərdə, kadr potensialının inkişafı istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edən əməkdaşlar bayram təbriklərini çatdırıblar.
Sonra, MDU-nun inkişafında əməyi olan bir qrup əməkdaş “Fəxri Fərman” ilə təltif edilib və xatirə şəkilləri çəkdirilib.