MDU magistrantlarının balıqçılıq və balıq ekosistemləri üzrə tədqiqatlarının inkişafı məqsədilə Zoologiya İnstitutunun təcrübə bazasına səfər təşkil olunub

  • Post category:MDU xəbərləri

2026-cı il martın 12-də Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının əməkdaşları Azərbaycan Elm və Təhsil Nazirliyinin Zoologiya Elmi-Tədqiqat İnstitutunun Mingəçevir Elmi-Təcrübə bazasına səfər ediblər.

Səfər çərçivəsində iştirakçılar elmi-təcrübə bazasının fəaliyyəti, burada həyata keçirilən tədqiqat işləri, xüsusilə balıqçılıq sahəsi və balıq ekosistemlərinin öyrənilməsi istiqamətində aparılan araşdırmalarla yaxından tanış olublar.

Baza rəhbəri, böyük elmi işçi Hicran İsgəndərova və böyük elmi işçi Şəfəq Məmmədova tərəfindən tələbə və magistrantlara elmi-təcrübə bazası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada müxtəlif su hövzələrində yaşayan balıq növlərinin qorunması, onların bioloji xüsusiyyətlərinin tədqiqi və su ekosistemlərində ekoloji tarazlığın saxlanılması istiqamətində mühüm elmi-tədqiqat işləri aparılır.

Qeyd olunub ki, təşkil olunan səfərin əsas məqsədi Mingəçevir Dövlət Universitetinin “Ekologiya” ixtisasında təhsil alan magistrantların balıqçılıq və balıq ekosistemi ilə bağlı dissertasiya mövzuları üzrə tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, onların elmi araşdırma bacarıqlarının inkişaf etdirilməsi və praktiki biliklərinin artırılmasıdır.

Eyni zamanda vurğulanıb ki, bu kimi elmi-təcrübə xarakterli səfərlər magistrantların gələcək elmi fəaliyyətinə mühüm töhfə verir, onların sahə üzrə ixtisaslaşmasına və aktual ekoloji problemlərin həllinə elmi yanaşmalar formalaşdırmasına şərait yaradır.