MDU tələbələri Milli Teatr Gününə həsr olunmuş tədbirdə iştirak ediblər

  • Post category:MDU xəbərləri

2022-ci ilin 9 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU)Tələbə Gənclər Təşkilatının (TGT) fəalları Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Milli Teatr Gününə həsr olunmuş “Teatrda bir gün” adlı Açıq Qapı layihəsində iştirak ediblər.

Tələbələrlə görüşdə bildirilib ki, layihə yaradıcı və istedadlı gənclərin teatr fəaliyyəti ilə yaxından tanış olması, onların mədəniyyət sahəsində özlərini inkişaf etdirməsi məqsədi daşıyır. Bununla yanaşı, gənclərin asudə vaxtlarından səmərəli istifadə etməsi üçün teatrda yaradılan geniş imkanlardan bəhs edilib, layihənin teatr və tamaşaçı münasibətlərinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbir zamanı tələbələr teatrın foyesində qurulmuş eksponatlarla, teatr rəssamı tərəfindən hazırlanmış rəsm əsərləri ilə, eləcə də qrim, geyim və digər yardımçı bölmələrin fəaliyyətləri ilə tanış olublar.

Sonra məşq prosesini yaxından izləyən tələbələrə səhnə danışığı, aktyor fəaliyyəti haqqında ətraflı məlumat verilib. Sonda “Son Reportaj” adlı tamaşaya baxış keçirilib.

Layihədə iştirak edən tələbələrə müvafiq sertfikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbələrin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin, əlavə bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.