Mingəçevir Dövlət Universitetində magistrantların elmi konfransı keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 29 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların “Elm günü”nə həsr olunmuş IV elmi-nəzəri konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin magistrantları və professor-müəllim heyəti üzvləri iştirak ediblər.

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib. Azərbaycanda elm sahəsinə və alimlərə verilən yüksək dəyərdən danışan rektor bunun bariz nümunələrindən biri olaraq ölkə başçısının müvafiq Sərəncamı ilə hər il mart ayının 27-nin respublikada “Elm günü” kimi qeyd edilməsini diqqətə çatdırıb və bu münasibətlə konfrans iştirakçılarını təbrik edib.

Elmi tədqiqatın ali təhsil müəssisələrində əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan Ş.Bayramov universitetdə elmi fəaliyyətin səmərəliliyinin və nəticəyönümlüyünün artırılması və müasir dövrün tələblərinə uyğunlaşdırılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

MDU-da “Elm günü”nə həsr olunmuş çoxsaylı tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirən rektor tələbə və magistrantların təhsil aldıqları dövrdə elmi araşdırmalara fəal cəlb olunmasının, tədqiqat qabiliyyətlərinin artırılmasının vacibliyindən, eləcə də elmi konfranslarda aktiv iştirakın əhəmiyyətindən bəhs edib və gənc tədqiqatçılara müvafiq tövsiyələrini çatdırıb.

Sonra, konfransın proqramına uyğun olaraq plenar iclasın məruzələri dinlənilib.

MDU-nun magistrantlarından Ləman Zeynalova-Məmmədzadə “Müasir dövrdə vətənpərvərlik tərbiyəsinin prioritetliyi”, Vüsal Göyüşov “İşğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətləri”, Aysel Bayramova “Yaşıl kimya” konsepsiyasından irəli gələn tələblər haqqında”, Fəridə Ələkbərova “Nəsr əsərlərinin məzmunu üzərində iş” və Nurlan Əzizli “Texnoparkların fəaliyyətində universitetlərin rolu” mövzusunda çıxış ediblər.

Daha sonra, Elsevər Cəfərli “Kiçik güclü külək elektrik qurğularından istifadə və onun səmərəliliyi”, Gültəkin Yusifli “Kiçik yaşlı məktəblilərdə əməksevərlik tərbiyəsinin formalaşdırılmasının imkan və yolları”, Nuru Əzizov “Qeyri-neft sektoru və regional inkişaf iqtisadiyyatın aparıcı istiqaməti kimi” və Rənsani Mustafayev “Biometrik identifikasiya sistemlərində sifətin tanınmasına aid neyroşəbəkə üsulları“ mövzusunda məruzələrini təqdim ediblər.

Maraqla dinlənilən məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Elmi-nəzəri konfrans öz işinə bölmə iclasları ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir. Bununla əlaqədar olaraq, “Elm günü” çərçivəsində MDU-da akademik heyət üzvləri, tələbə və magistrantların iştirakı ilə müxtəlif elmi tədbirlərin, o cümlədən konfranslar və seminarların keçirilməsinə xüsusi önəm verilir.