2026-cı ilin 15–17 may tarixlərində Türkiyənin İstanbul şəhərində Marmara Universiteti Siyasi Elmlər Fakültəsi və Türk Dünyası Yörük Türkmən Birliyinin birgə təşkilatçılığı ilə “Türk Dostluğu Əsaslı İşbirliyi: Tarixdən Gələcəyə Beynəlxalq Münasibətlərin Perspektivləri” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib.
Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsi (YTB)nin dəstəyi ilə təşkil olunan beynəlxalq tədbirdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və ekspertlər iştirak ediblər.
Konqresdə Mingəçevir Dövlət Universitetinin gənc müəllimləri Lamiyə Orucova və Səma Süleymanova iştirak edərək universiteti beynəlxalq elmi platformada layiqincə təmsil ediblər.
Tədbir çərçivəsində Türk dünyasında strateji əməkdaşlığın inkişafı, beynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıq modelləri, iqtisadi inteqrasiya, mədəni diplomatiya, regional tərəfdaşlıq və dayanıqlı inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Konqres iştirakçıları tərəfindən Türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması, elmi bilik mübadiləsinin təşviqi və akademik əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Mingəçevir Dövlət Universitetinin gənc müəllimlərinin belə nüfuzlu beynəlxalq elmi tədbirdə iştirakı universitetin beynəlxalq elmi əlaqələrinin inkişafı, akademik potensialının tanıdılması və qlobal elmi mühitdə fəal təmsilçiliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər universitet əməkdaşlarının beynəlxalq təcrübəsinin artırılmasına, yeni elmi əlaqələrin qurulmasına və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verir.