Mingəçevir Dövlət Universitetində Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

  • Post category:MDU xəbərləri

2026-cı ilin 22 may tarixində Mingəçevir Dövlət Universitetində Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf” mövzusunda elmi-praktik seminar keçirilib.

Universitetin Heydər Əliyev Muzeyində təşkil olunan tədbirin əsas məqsədi biomüxtəlifliyin qorunmasının əhəmiyyətinə diqqət çəkmək, ekoloji problemlər və onların həlli istiqamətində maarifləndirmə işini gücləndirmək, tələbələrin elmi-tədqiqat və təqdimat bacarıqlarını inkişaf etdirmək olub.

Seminarı Fizika və Ekologiya kafedrasının müəllimi Natəvan Vəliyeva moderasiya edib. Tədbir “Gələcəyimiz təbiətlə başlayır” adlı videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra MDU-nun Ekologiya ixtisasının I kurs tələbələri tərəfindən biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlılıqla bağlı müxtəlif mövzularda məruzələr təqdim olunub. Gülüstan Hacızadə “Biomüxtəlifliyin qorunması və qida təhlükəsizliyinin təmin olunması”, Leyla Süleymanova “İqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri və ekoloji nəticələri”, Həkimə Qurbanzadə “Plastik tullantıların canlı aləmə və ekosistemlərə təsiri”, Ayan Əsədova isə “Şəhərləşmənin canlı təbiətə və ekosistemlərə təsiri” mövzusunda çıxış ediblər.

Məruzələr zamanı biomüxtəlifliyin qorunmasının qlobal və regional əhəmiyyəti, iqlim dəyişikliklərinin ekosistemlərə təsiri, tullantıların idarə olunması və urbanizasiya proseslərinin təbii mühitə təsirləri barədə ətraflı məlumat verilib.

Seminar çərçivəsində tələbələrin hazırladıqları layihələr təqdim olunub, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Çıxışlarda ekoloji tarazlığın qorunmasının, təbii ehtiyatlardan səmərəli istifadənin və ətraf mühitə məsuliyyətli yanaşmanın dayanıqlı inkişafın əsas şərtlərindən biri olduğu vurğulanıb.

Tədbirin sonunda biomüxtəlifliyin qorunması istiqamətində maarifləndirmə fəaliyyətlərinin davam etdirilməsinin vacibliyi qeyd olunub və bu sahədə gənclərin fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.