Mingəçevir Dövlət Universitetində böhran idarəçiliyində ictimaiyyətlə əlaqələrin rolu mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Məzunlarla iş sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Şükürovun iştirakı ilə “Böhran idarəçiliyində ictimaiyyətlə əlaqələrin (PR) rolu və cəmiyyətin sosial dayanıqlığı” mövzusunda seminar keçirilib.

Seminarda böhran vəziyyətlərində ictimaiyyətlə əlaqələrin strateji əhəmiyyəti, effektiv kommunikasiya mexanizmləri, informasiya idarəçiliyi və sosial dayanıqlığın təmin olunmasında PR fəaliyyətinin rolu ətraflı şəkildə təhlil olunub. Çıxış zamanı müasir dövrdə informasiya axınının düzgün idarə edilməsinin, ictimai etimadın formalaşdırılmasının və böhran şəraitində səmərəli kommunikasiya strategiyalarının tətbiqinin vacibliyi diqqətə çatdırılıb.

Anar Şükürov beynəlxalq və yerli təcrübələr əsasında böhran kommunikasiyasının uğurlu modelləri barədə məlumat verib, dövlət qurumları ilə ictimai institutlar arasında əlaqələrin koordinasiyasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, sosial media və rəqəmsal platformaların böhran idarəçiliyində oynadığı rol, cəmiyyətin operativ məlumatlandırılması və sosial sabitliyin qorunmasına xidmət edən praktik yanaşmalar iştirakçılarla bölüşülüb.

İnteraktiv formatda təşkil olunan seminar çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, böhran şəraitində ictimaiyyətlə əlaqələrin etik prinsipləri, sosial məsuliyyət və peşəkar kommunikasiya məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seminar tələbələr və gənc tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir onların böhran idarəçiliyi, ictimaiyyətlə əlaqələr və sosial dayanıqlıq sahələrində nəzəri və praktiki biliklərinin zənginləşdirilməsi, müasir idarəetmə çağırışlarına uyğun peşəkar kompetensiyalarının inkişaf etdirilməsi baxımından faydalı platforma olub.

MDU-da keçirilən bu kimi maarifləndirici tədbirlər universitetin tələbələrinin və gənc tədqiqatçılarının müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunmasına, onların peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.