Mingəçevir Dövlət Universitetində İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 6 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.

Görüşdə 2021-2022-ci tədris ilində MDU-da görülən işlər və əldə olunan nəticələrdən bəhs edilib, perspektiv fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Pandemiyanın davam etməsi səbəbindən respublikamızda ənənəvi təhsilin müəyyən məhdudiyyətlərlə bərpa olunduğunu diqqətə çatdıran rektor Ş.Bayramov MDU-da tədris və təlim-tərbiyə prosesinin mövcud qaydalara əsasən təşkil edildiyini bildirib. Dövlətin ali təhsilə yüksək diqqət və qayğısı, tərəfdaşların dəstəyi və universitet kollektivinin əməyi sayəsində cari tədris ilinə uğurla yekun vurulduğunu qeyd edən rektor bununla bağlı minnətdarlığını ifadə edib.

Universitetin potensialının gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açan Ş.Bayramov müvafiq dövlət qurumları və özəl sektor ilə işbirliyinin, yerli və xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlığın, regionda yerləşən peşə və ümumtəhsil məktəbləri ilə birgə fəaliyyətlərin mövcud vəziyyətindən və qarşılıqlı faydalılığından bəhs edib. Bildirib ki, hesabat dövründə MDU-da ilk dəfə olaraq Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universitetinin iki professorunun fəaliyyət göstərməsi, universitetin səkkiz əməkdaşının qardaş ölkənin qabaqcıl universitetlərində və onlarla tələbələrin tərəfdaş sənaye müəssisələrində təlim-təcrübə proqramlarına cəlb edilməsi sözügedən beynəlxalq və yerli əməkdaşlıqda yeni formalaşan müsbət tendensiyalardandır.

Cari tədris ilində elm və innovasiya fəaliyyəti istiqamətində görülən işlər və baş verən müsbət dəyişikliklər barədə məlumat verən rektor MDU tarixində ilk elmi jurnal olan “Dayanıqlı inkişaf” adlı multidisiplinar elmi jurnalın işıq üzü gördüyünü və artıq üçüncü buraxılışının nəşrə hazır olduğunu, ilk beynəlxalq konfransın keçirildiyini və nüfuzlu beynəlxalq konfranslara tərəfdaşlıq edildiyini, ilk tədqiqat mərkəzinin və iki laboratoriyanın yaradıldığını xüsusi vurğulayıb. Qeyd edib ki, son dövrdə MDU-da elmi fəaliyyətin təşviqi, səmərəliliyi və nəticəyönümlüyünün artırılması istiqamətində yaradılan imkanlar sayəsində universitetin nüfuzlu beynəlxalq nəşrlərdə məqalələri çap olunan, beynəlxalq və respublika səviyyəli konfranslarda fəal iştirak edən, dissertasiya işlərini uğurla müdafiə edən akademik heyət üzvlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Tələbələrin hərtərəfli inkişafına və startap fəaliyyətlərində aktiv iştirakına müvafiq dəstəyin göstərildiyini diqqətə çatdıran Ş.Bayramov MDU-nun “TEKNOFEST Azərbaycan” festivalınının final mərhələsində 3 komanda ilə uğurla təmsil olunmasından, respublika səviyyəsində keçirilən müxtəlif yarışlarda və hakatonlarda əldə edilən nailiyyətlərdən söhbət açıb.

Təhsil naziri Emin Əmrullayevin MDU-ya gəlişini universitetə göstərilən diqqət və dəstəyin ifadəsi, eləcə də əldə edilən uğurların məntiqi nəticəsi kimi dəyərləndirən rektor ziyarət çərçivəsində nazirin MDU-da Kiber Təhlükəsizlik Laboratoriyasının açılışında, magistrantların “Poster Sessiyası”nda və “Məzun Günü 2022” tədbirində iştirakını, yeni kampus üçün ayrılmış əraziyə baxış keçirməsini və kollektiv üzvləri ilə görüşünü universitet üçün əlamətdar hadisə kimi qiymətləndirib.

Hazırda dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması istiqamətində müvafiq işlərin uğurla davam etdiyini vurğulayan Ş.Bayramov yaxın gələcəkdə mövcud infrastrukturun genişlənməsi və modernləşməsi sayəsində MDU-nun yeni dövrün universitetinə çevrilməsi yolunda qarşıya qoyduğu hədəflərə doğru sürətlə irəliləyəcəyinə əminliyini bildirib.

Sonra, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri cıxış edərək son dövrdə universitetin müasirləşdirilməsi və milli ali təhsil xəritəsində mövqeyinin gücləndirilməsi sahəsində görülmüş işlərdən məmnunluqlarını ifadə edib, universitet qarşısında duran vəzifələrin səmərəli icrası ilə bağlı fikir mübadiləsi aparıb və müvafiq təkliflər səsləndiriblər.

Qeyd edək ki, əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarət olan MDU-nun İctimai Nəzarət Şurası 2019-cu ilin 28 dekabr tarixində yaradılıb. Şuranın tərkibinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Mingəçevir şəhər Şəhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev, Mingəçevir şəhər Veteranlar Şurasının katibi Tahir Məmmədov, təqaüdçü Ağagül Əliyev, təcrübəli pedaqoq Mirzə Cavadov, peşəkar jurnalist Esmira Hidayətova daxildir.