Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

 

2021-ci ilin 3 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi Azərbaycanın dünya ədəbiyyatı xəzinəsinə töhfəsidir” mövzusunda elmi konfrans keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırıb. Ümmmilli lider Heydər Əliyevin Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinin tədqiqi və təbliğinə xüsusi diqqət yetirdiyini vurğulayan rektor bu istiqamətdə hazırda ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.

Dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi şairin əbədiyaşar əsərlərində yer alan yüksək mənəvi fikirlərin tələbə gənclər arasında təbliğinin önəmindən bəhs edən Ş.Bayramov “Nizami Gəncəvi ili” çərçivəsində MDU-da müxtəlif formatlarda və mövzularda çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasında Nizami Mərkəzinin direktoru, görkəmli nizamişünas alim, professor Xəlil Yusifli “Dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda, MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılov “Nizami dünya şərqşünaslığında” mövzusunda, MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ümummilli lider Heydər Əliyevin rolu”, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Səadət Ağakişiyeva “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” mövzusunda və MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Ayna Babazadə “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi” mövzusunda məruzlərlə çıxış ediblər.

Məruzələrdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi və dühası Nizami Gəncəvinin həyatı, yaradıcılığı, poetik-fəlsəfi fikirləri, dünyanın tanınmış şərqşünas alimlərinin Nizami haqqında düşüncələri, dahi şairin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edilməsi, Nizami irsinin təbliğində ümummilli liderin rolu və milli təəssübkeşliyi barədə ətraflı məlumatlar verilib.

Maraqla qarşılanan məruzələr konfrans iştirakçılarının geniş müzakirəsinə səbəb olub.

Qeyd edək ki, MDU-da Azərbaycanın görkəmli şəxsiyyətləri və mütəfəkkirlərinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=533|limitstart=0|limitcount=0}