Mingəçevir Dövlət Universitetində “QARABAĞ AZƏRBAYCANDIR!” mövzusunda tədbir keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində QARABAĞ AZƏRBAYCANDIR!” mövzusunda tədbir keçirilib

2020-ci ilin 01 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) professor-müəllim, inzibati-texniki heyət üzvlərinin və tələbələrin iştirakı ilə “QARABAĞ AZƏRBAYCANDIR!” mövzusunda tədbir keçirilib.

“ZOOM” platforması üzərindən online formatda təşkil olunan tədbiri açan MDU-nun rektoru Şahin Bayramov cari ilin 27 sentyabr tarixindən etibarən möhtərəm Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrinin yazıldığını bildirib. Xalqımızın 30 ilə yaxın müddətdə səbr etdiyini və işğal altında olan əzəli torpaqlarımızın qeyd-şərtsiz azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını vurğulayan rektor Azərbaycanın bütün mümkün diplomatik vasitələrdən istifadə etdiyini və münaqişənin danışıqlar yolu ilə həllinə sadiq qaldığını diqqətə çatdırıb.

Ali Baş Komandanımızın cari ilin 25 sentyabr tarixində BMT tribunasından Azərbaycanın haqq səsini bir daha dünya ictimaiyyətinə çatdırdığını deyən Ş.Bayramov həmin nitqdə Azərbaycan lideri tərəfindən düşmənin növbəti təxribat hazırlıqları barədə məlumatın səsləndirildiyini bildirib. 29 sentyabr tarixində “Rossiya-1” kanalında yayımlanan müsahibənin Azərbaycan Prezidentinin qətiyyətini, iradəsini və yüksək liderlik bacarıqlarını bir daha nümayiş etdirdiyini vurğulayan rektor həmin debatın düşmən ölkə rəhbəri üçün növbəti rəzalət və rüsvayçılıq olduğunu diqqətə çatdırıb.

Son günlər ərzində düşmən təxribatına layiqli cavab verən silahlı qüvvələrimizin əldə etdiyi uğurlar münasibətilə tədbir iştirakçılarını təbrik edən Ş.Bayramov Azərbaycan əsgərinin haqq savaşı apardığını vurğulayıb. Bütün doğma torpaqlarımızın işğaldan azad olunacağı günün yaxında olduğuna əminliyini ifadə edən rektor hazırda ölkəmizdə müşahidə olunan Xalq-Dövlət-Prezident birliyinin hər birimizi sevindirdiyini, düşməni isə qorxuya saldığını bildirib.

Tədbirdə çıxış edən MDU-nun kafedra müdiri E.Cəfərova mövcud şəraitdə Azərbaycanın müasir siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiyanın rəhbərləri tərəfindən birgə bəyanat imzalanmasının əhəmiyyətindən danışıb. Siyasi partiyaların 27 sentyabr tarixli birgə bəyanatını Azərbaycanda siyasi həmrəyliyin nümunəsi kimi dəyərləndirən E.Cəfərova düşmənin işğalçı siyasətinə etiraz edən bütün siyasi qüvvələrin Ali Baş Komandanımızın ətrafında sıx birləşdiyini diqqətə çatdırıb. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının milli həmrəylik nümayiş etdirə bilmədiyini deyən E.Cəfərova birgə bəyanatda Ermənistanın işğalçı siyasətinin şiddətlə qınandığını və beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edildiyini bildirib.

Sosial şəbəkələrdə həyata keçirilən düşmən təxribatları barədə danışan Ş.Bayramov kollektivin bütün üzvlərini və tələbə-gəncləri yalnız rəsmi məlumatlara istinad etməyə səsləyib. Tədbiri “QARABAĞ AZƏRBAYCANDIR!” şüarı ilə yekunlaşdırıan rektor MDU ailəsinin hər bir üzvünün ölkəmizin haqq savaşında Ali Baş Komandanımızın yanında olduğunu bir daha vurğulayıb.

{phocagallery view=category|categoryid=438|limitstart=0|limitcount=0}