Üzündən nur yağan şəhər 

“Azərbaycan” Rəsmi Dövlət Qəzeti, 15.10.2023
Qəzetin PDF versiyası

Mingəçevir son 20 ildə daha abad və yaraşıqlı olub  

Dövlətçilik tariximizin son 200 ilində nələr qazanmışıq, nələr itirmişik?! Parçalanmışıq, bölünmüşük. Dövlətimizə, ərazilərimizə, dilimizə dəfələrlə qəsdlər olub. Haqqımız  tapdalanıb, sərvətlərimiz talan edilib. Tarixin sınaqlarına sinə gərib, yıxılıb-durmuşuq.
Tarixin səhifələrindən baxanda 20 il elə də böyük zaman deyil. 20 ilin yolçuluğunda  haradan başladıq, haralara gəlib çıxdıq?! Ərazilərimizin 20 faizi 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldı. Bir milyon soydaşımız Qarabağdan, Şərqi Zəngəzurdan, Göyçə mahalından qovulub qaçqına, məcburi köçkünə çevrildi. Ölkənin hər bucağında salınan çadır şəhərciklərinin miskin görkəmi  ürək dağladı. Daxili müxalifətin hakimiyyət ehtirasları, dünyanın aparıcı dövlətlərinin ikili standartları məngənəsində sıxılan  xalqımız 2003-cü ilin prezident seçkilərində öz taleyini Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqi davamçısı İlham Əliyevə etibar etməyə yekdilliklə qərar verdi. Ən böyük hakim olan zaman sübut etdi ki, xalq yanılmayıb, ən doğru seçimini edib.
Prezident İlham Əliyev qəbul etdiyi qərarlar, atdığı addımlarla məqsədlərini,  hədəflərini zaman-zaman aydınlaşdırdı. Qarabağın işğalına son qoymaq, ərazi bütövlüyümüzü bərpa etmək məramı Prezidentin fəaliyyətində prioritet istiqamətə çevrildi. Necə deyərlər,  bütün yollar Qarabağ zəfərinə, şanlı qələbəyə aparmağa başladı.
Bu gün Azərbaycan vətəndaşı olaraq çox qürurluyuq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə qəhrəman oğullarımız üzərlərinə düşən tarixi missiyanı şərəflə  yerinə yetirib ərazi bütövlüyümüzü bərpa edərək, “Qarabağ Azərbaycandır” şüarının sonuna böyük bir nida işarəsi qoyublar! Uğurla, qüdrətli, sərkərdə məharəti ilə hesablanan, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ tamamilə erməni separatçıları və quldurlarından azad olunub. Artıq Xankəndidə qondarma  qurumun bayraq adlandırdıqları əski parçaları yığışdırılıb, qondarma dövlətin qondarma qurumu özünü buraxmaq haqqında qərar qəbul edib. İndi Xankəndidə Azərbaycanın müvafiq dövlət qurumlarının fəaliyyəti bərpa olunur.
Bu möhtəşəm hadisədən sonra Azərbaycanın son 200 illik dövlətçilik tarixində ən böyük uğurun Qarabağ Zəfəri olduğunu qəbul etməyə haqqımız var. Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik tarixinə öz xilaskar adını qızıl hərflərlə yazmağı çox məharətlə bacardı, bütün dünya azərbaycanlılarının  ürəyində özünə əzəmətli məhəbbət və ehtiram abidəsi ucaltdı.  Ata vəsiyyətini və xalqımızın istəyini böyük məsuliyyət hissi ilə reallaşdıran və bundan sonsuz xoşbəxtlik duyan layiqli dövlət başçısı olduğunu bir daha sübut etdi. 
Möhtəşəm 20 ilin hər günü, hər ayı, hər ili yüksəliş, tərəqqi, genişmiqyaslı  quruculuq prosesinin uğur dolu mərhələsidir. Bu illər ərzində Azərbaycan, sözün həqiqi mənasında, dünyaya günəş kimi doğdu. Beynəlxalq tədbirlərin yüksək tribunalarında Prezident İlham Əliyev təmsil etdiyi xalqın və dövlətin mövqeyini cəsarətlə dilə gətirdi, Azərbaycanın regionda güc mərkəzinə, söz sahibinə çevrildiyini konkret faktlarla, günün reallıqları ilə dünya liderlərinin şüuruna yeritdi.
Son 20 il Azərbaycan büsbütün dəyişib. Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyələri ilə hazırlanıb uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları şəhər və kəndlərimizin simasını tanınmaz edib, əhalinin həyat səviyyəsini, güzəranını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ölkənin böyük potensiala  malik sənaye mərkəzlərindən olan Mingəçevirin bu illər ərzindəki inkişafı ölçüyəgəlməzdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev energetika şəhərinin tikilib-qurulmasına, burada fabrik və zavodların işə salınmasına vaxtilə böyük əmək sərf etmişdir. Qədirbilən mingəçevirlilər Ulu Öndərin bu bölgəyə xüsusi diqqət göstərdiyini hər zaman minnətdarlıqla xatırlayırlar. Çoxşaxəli fəaliyyətinin bütün  isqtiqamətlərində öz varislik missiyasını şərəflə yerinə yetirən Prezident İlham Əliyev də nur şəhərinə  münasibətdə bu ənənəni davam etdirir.  Son illər Mingəçevirə 8 dəfə səfər edən Prezident İlham Əliyev şəhərin sosial-iqtisadi  inkişafına yönəlik 15 sərəncam imzalamış, böyük məbləğdə vəsait ayırmışdır. 
Bu diqqətin nəticələri isə yetərincə çoxdur. Şəhər üzrə ümumdaxili məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2022-ci ildə 89.4 faiz, əsas kapitala yönəldilmiş vəsait 52,6, tikinti-quraşdırma işlərinin həcmi 43,7 dəfə artmışdır. 2003-2022-ci illərdə 20,4 min yeni iş yeri açılmış, 196 sahibkara 19 milyon manata yaxın güzəştli şərtlərlə kredit verilmişdir. 293 kilometr  şəhərdaxili və məhəllədaxili yollara asfalt çəkilmişdir.
Tikinti-quruculuq  və abadlıq  işləri bu illər ərzində böyük vüsət almışdır. Dövlətin dəstəyindən yararlanan energetiklər şəhərinin sakinləri doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəklərinin hərarətini, əllərinin gücünü əsirgəmirlər. Şəhərdə Ulu Öndərə sonsuz məhəbbət və ehtiramdan doğan möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli Liderin adını daşıyan meydanda əzəmətli abidəsi ucaldılmışdır. Mingəçevirlilər  sözün həqiqi mənasında tikib-qurmaqdan, gözəllik yaratmaqdan zövq alırlar. Son 20 ildə görülmüş işləri sadalasaq, böyük bir siyahı alınar. Sadəcə, bəzilərini yada salaq: Bayraq meydanı, “Ağsaray” və “River side” mehmanxanaları, Uşaq-gənclər şahmat-idman məktəbi, “Gənclər evi”, şəhid və əlil ailələri üçün 140 mənzilli 4 yaşayış binası, 1098 məcburi köçkün ailəsi üçün 2 yaşayış kompleksi, “Kür”  Olimpiya Tədris İdman Mərkəzi, Dostluq, Sahil, “Nəsimi” parkları, Dövlət Rəmzləri muzeyi, “ASAN” Xidmət Mərkəzi, Sənaye Parkında 2 müəssisə, İstilik və Su Elektrik stansiyalarının əsaslı şəkildə yenidən  qurularaq istehsal gücününü artırılması və s. Bunlar məhz son illərin ünvanlarıdır. Hazırda şəhərin sənaye müəssisələrində ahəngdar ritm davam edir. “Az.İES” MMC, “Mingəçevir SES silsiləsi” MMC, “Azyolneftmaş” ASC, “Azərkabel” ASC,  “Akkord Mingəçevir” maşınqayırma zavodu  ASC, “Mingəçevir-Tekstil” MMC və “Htech İnvest” MMC-lər şəhərin iqtisadi gücünə əlavə güc qatırlar. 
Bu gün Mingəçevirdə bayram ovqatı yaşanır. Qarabağ Zəfəri, bir günlük lokal xarakterli antiterror tədbirlərinin qürurverici nəticələri şəhərdə hər evi, hər ailəni xoş  əhvali-ruhiyyəyə kökləyib. Aşıb-daşan sevincin başqa bir səbəbi də qarşıdan əlamətdar  yubileyin gəlməsidir. Noyabrın 11-də Mingəçevirin şəhər statusu almasının 75 ili tamam olur. 
Bayramın bayrama qarışdığı bu günlər nur şəhərinin qonağı  olduq. Ana Kürün ikiyə böldüyü Mingəçevirin payızı da baharı xatırladırdı. Parklar, meydanlar, xiyabanlar, küçələr, prospektlər səliqə-sahmanı, sarı  libası, al-əlvan gül-çiçəyi ilə üzə gülürdü. Bu gün Mingəçevirin Azərbaycanın sənaye, elmi, mədəni, turizm mərkəzləri sırasında özünəməxsus yeri vardır. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov nur şəhərinin bu günü və sabahı haqqında düşüncələrini bizimlə bölüşdü, Prezident İlham Əliyevin  hər zaman Mingəçevirə xüsusi diqqət göstərdiyini minnətdarlıqla vurğuladı:
– Ölkənin ən  böyük elektrik enerjisi istehsalçısı olan Mingəçevirin  sosial-iqtisadi inkişafına dövlət dəstəyinin, xüsusi diqqətin davamlı xarakter almasını hər bir şəhər sakini hədsiz minnətdarlıq və razılıq hissi ilə qarşılayır. Tamamilə səmimi deyirəm: bu gün hər bir mingəçevirli qalib dövlətin məğrur vətəndaşı olmaqdan qürur duyur. Bu sevinci, bu xoş novrağı bizə yaşadan Prezident İlham Əliyev və ordumuzdur. Müqəddəs Qarabağ savaşında, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə mingəçevirli oğullar da sinələrini düşmən gülləsinə sipər edib şəhid olublar. Şəhid valideynləri ilə görüşəndə  onlar övlad itkisini bir anlığa unudub “təki Vətən yaşasın” deyirlər. Belə bir millətin  övladı olduğumuz üçün biz çox xoşbəxtik. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri fəaliyyətimizin əsas istiqamətini müəyyən edir. Biz davamlı olaraq şəhid  ailələrinə baş çəkir, qazilərlə görüşürük. Onların üzləşdikləri çətinlik və problemləri öyrənib aradan qaldırmağa çalışır, qayğıkeşlik və köməyimizi əsirgəmirik.
İlham müəllim söhbətinə davam edib deyir ki, 75 yaşı tamam olan  Mingəçevirin son 20 ili Prezident İlham Əliyevin rəhbərliyi dövrünə  təsadüf edir. “Bu dövrü nur şəhəri üçün qızıl dövr də adlandırmaq olar. Otuz il ərzində şəhərimizin sənaye gücü müqayisə edilməz dərəcədə artıb. Şəhər sakinlərinin məşğulluq səviyyəsi yeni yaradılan  istehsal müəssisələri hesabına  xeyli yüksəlib. Kommunal  xidmətlər yaxşılaşıb. Əhalinin qaz, su, elektirik enerjisi ilə təminatında heç bir problem yoxdur. Mingəçevirlilər inanırlar ki, onların sabahkı həyatları daha firavan olacaq, yeni sosial layihələrdən hər kəsə yetərli pay düşəcək”, – deyə həmsöhbətimiz bildirdi.
Ölkəyə nur paylayan bir şəhər üçün 75 yaş nədir ki… Mingəçeviri həmişə gənclik şəhəri adlandırıblar. Burada məntiqin olduğu şübhəsizdir. Geniş və yaraşıqlı küçələri, məğrur görkəmli xan çinarları, ürəyi sevgi dolu sakinləri ilə həmişə cavan qalmağı çox təbii görünür bu nur şəhərinin.

Lazım QULİYEV,
“Azərbaycan”