Mingəçevir Dövlət Universiteti ilə Pakistan-Azərbaycan Texnologiya Əməkdaşlıq Təşkilatı (Pakistan-Azerbaijan Technology Cooperation Organization – PATCO) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandum universitet–texnologiya əməkdaşlığının gücləndirilməsi, rəqəmsal transformasiya istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də tələbələrin innovativ və texnoloji bacarıqlarının inkişafına dəstək göstərilməsi məqsədi daşıyır.
Sənədə əsasən tərəflər ali təhsil mühitində müasir texnologiyaların tətbiqi, süni intellekt və data analitikası sahəsində elmi araşdırmaların təşviqi, eləcə də universitet–sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Əməkdaşlıq çərçivəsində MDU-da Süni İntellekt və Data Analitikası istiqamətində laboratoriya və tədqiqat təşəbbüslərinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Memorandumun icrası çərçivəsində MDU-nun yeni kampusunda TEXNOPARK yaradıldığı təqdirdə PATCO-nun burada rezidentlərdən biri kimi fəaliyyət göstərməsi məsələsi də müzakirə olunub. Bildirilib ki, bu təşəbbüs yalnız paytaxt Bakıda deyil, həm də regionlarda informasiya texnologiyaları sahəsinin inkişafına və innovasiya ekosisteminin genişlənməsinə mühüm töhfə verə bilər.
Görüş zamanı həmçinin MDU-da “İnformasiya təhlükəsizliyi”, “informasiya texnologiyaları” ixtisasları üzrə tədris proqramlarının hazırlanması və yenilənməsi istiqamətində PATCO tərəfindən dəstəyin göstərilməsi imkanları nəzərdən keçirilib. Tərəflər data analitika, kibertəhlükəsizlik və digər müasir texnoloji sahələr üzrə elmi araşdırmaların aparılması məqsədilə universitetdə akademik tədqiqat komandasının yaradılması perspektivlərini də müzakirə ediblər.
Bununla yanaşı, əməkdaşlıq çərçivəsində PATCO mütəxəssislərinin gələcəkdə Mingəçevir Dövlət Universitetində dərs tədris etməsi ilə bağlı imkanların araşdırılması da gündəmə gətirilib. Bu təşəbbüsün tələbələrin beynəlxalq texnoloji təcrübə və biliklərə çıxışının genişlənməsinə xidmət edəcəyi qeyd olunub.
Memorandum həmçinin tələbələrin texnoloji layihələrdə iştirakının təşviqi, birgə konfrans və seminarların keçirilməsi, innovasiya yarışmaları və texnoloji tədbirlərin təşkili, eləcə də tələbələr üçün təcrübə və karyera imkanlarının yaradılması kimi istiqamətləri də əhatə edir.
Qeyd edək ki, imzalanmış memorandum universitet və texnologiya sektoru arasında əməkdaşlığın genişləndirilməsinə, regionlarda innovasiya mühitinin inkişafına və tələbələrin rəqəmsal bacarıqlarının artırılmasına yönəlmiş mühüm əməkdaşlıq platforması yaradır.