Mingəçevir Dövlət Universitetində “Yerli sənaye sahələri üçün peşə bacarıqları” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin Menecment kafedrasında “Yerli sənaye sahələri üçün peşə bacarıqları” mövzusunda təlim keçirilib. Universitetdə həyata keçirilən maarifləndirici fəaliyyətlər çərçivəsində təşkil olunan təlim Goranboy Peşə Məktəbinin direktoru Mustafa Mustafayev və Menecment kafedrasının müəllimi Təranə Əliyevanın təqdimatında baş tutub.

Təlim zamanı yerli sənaye sahələrinin inkişafında peşə bacarıqlarının rolu, əmək bazarının tələblərinə uyğun ixtisaslaşma, praktiki bilik və bacarıqların formalaşdırılması məsələləri barədə iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, sənaye sektorunun davamlı inkişafı üçün ixtisaslı kadr hazırlığı mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə peşə təhsilinin rolu getdikcə artır.

Mustafa Mustafayev və Təranə Əliyeva çıxışlarında istehsalat sahələrində tələb olunan əsas peşə bacarıqları, texniki biliklərin tətbiqi, innovativ yanaşmalar və gənclərin əmək bazarına hazırlanması məsələlərindən bəhs ediblər. Eyni zamanda tələbələrə real sektorun tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Təlim çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və yerli sənaye sahələrinin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin əmək bazarının tələblərinə uyğun peşə və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif təlimlər və maarifləndirici tədbirlər mütəmadi olaraq təşkil olunur.