Mingəçevir Dövlət Universitetində Plastik istifadəsinin azaldılmasına dair təlim keçirilib

Mingəçevir Dövlət Universitetində təbiət elmləri istiqamətində maarifləndirmə tədbirlərinin davamı olaraq növbəti təlim təşkil olunub. Təbiət elmləri kafedrasının müəllimi Vəliyeva Natəvan tərəfindən “Kampusda plastik istifadəsinin azaldılması strategiyası” mövzusunda keçirilən təlim tələbələrin ekoloji biliklərinin artırılmasına yönəlib.

Təlim zamanı plastik tullantıların ətraf mühitə mənfi təsirləri, xüsusilə torpaq, su və canlı orqanizmlər üzərində yaratdığı təhlükələr geniş şəkildə izah olunub. Eyni zamanda birdəfəlik plastik məhsulların istifadəsinin azaldılmasının vacibliyi vurğulanıb, onların alternativləri kimi ekoloji cəhətdən təmiz və təkrar istifadə oluna bilən materiallar haqqında ətraflı məlumat verilib.

Tədbir çərçivəsində kampus mühitində plastik istifadəsinin azaldılması üçün praktiki yanaşmalar müzakirə olunub. Bu istiqamətdə tələbə və müəllimlərin maarifləndirilməsi, su doldurma məntəqələrinin artırılması, təkrar emal qutularının yerləşdirilməsi və plastikdən istifadəni məhdudlaşdıran daxili qaydaların tətbiqi kimi tədbirlər xüsusi qeyd edilib.

Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onların təklif və sualları cavablandırılıb. Təlimin nəticəsi olaraq kampus daxilində daha təmiz və dayanıqlı mühitin formalaşdırılması üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb.