Mingəçevir Dövlət Universitetində “Kampusda Plastik İstifadəsinin Azaldılması Strategiyası” mövzusunda təlim keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində Fizika və Ekologiya kafedrasının müəllimi Ayşən Salmanova tərəfindən Ekologiya mühəndisliyi ixtisasının 24 qrupu üçün “Kampusda Plastik İstifadəsinin Azaldılması Strategiyası” mövzusunda təlim təşkil olunub. Təlimdə tələbələr mövzu ətrafında aktiv müzakirələr apararaq universitet kampusunda plastik istifadəsinin azaldılması üçün praktiki həll yolları barədə fikir mübadiləsi ediblər.

Təlim çərçivəsində qlobal plastik istehsalının artım dinamikası, plastik tullantıların təbiətdə parçalanma müddəti, kampusda plastik istifadəsinin əsas mənbələri və kampus tullantılarının tərkibində plastikin payı ətraflı təhlil edilib. Mikroplastik çirklənmə və onun ekosistemə təsirləri barədə məlumat verilib.

Təlim mövzusunun əsas istiqaməti birdəfəlik plastik məhsulların azaldılması strategiyaları, alternativ təkrar istifadə edilə bilən məhsulların təşviqi və iqtisadi həvəsləndirmə mexanizmləri olub. Bildirilib ki, öz stəkanını/termosunu gətirənlərə endirim sistemi, onlayn yemək sifarişlərində plastik bıçaq göndərilməməsi seçimi və təchizatçılarla az qablaşdırmalı məhsulların təşviqi istiqamətində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Kampusda plastik butulkaların istifadəsinin azaldılması üçün su dispenserləri şəbəkəsinin qurulması, polad və şüşə su butulkalarının təşviqi, plastik butulka satışının məhdudlaşdırılması kimi tədbirlər müzakirə olunub.

Təlim zamanı plastik torba istifadəsinin azaldılması və alternativ daşıma vasitələri barədə ətraflı məlumat verilib. Azərbaycanda 2021-ci ildən qalınlığı 15 mikron və daha az olan birdəfəlik plastik torbaların istifadəsinin qadağan edildiyi, kampus mağaza və bufetlərində plastik torbaların pullu satışının tətbiqi, parça, jüt və kağız torbaların təşviqi, “torba bankı” sistemi və bioloji parçalana bilən torbaların istifadəyə verilməsi kimi tədbirlər barədə müzakirələr aparılıb.

Plastik qablaşdırmanın azaldılması və təkrar emal infrastrukturunun qurulması mövzusunda geniş təqdimat edilib. Topdan alış və kütləvi qablaşdırmanın təşviqi, plastik qablaşdırma üçün rəng kodlu toplama qutularının yerləşdirilməsi, təkrar emal qutularının strateji yerləşdirilməsi və toplanmış plastikin təkrar emal müəssisələrinə təhvil verilməsi prosesləri izah edilib.

Təlimin yekununda iştirakçılarla interaktiv müzakirə aparılıb, suallar cavablandırılıb. Təlim iştirakçıları – tələbələr İsmayılzadə Kamil, Həşimli Nazlı və Mahmudova Ceyran əldə etdikləri biliklər barədə təəssüratlarını bölüşüblər. İsmayılzadə Kamil birdəfəlik plastik məhsulların alternativləri haqqında məlumatları maraqla qarşıladığını, Həşimli Nazlı kampusda su dispenserləri şəbəkəsinin qurulması ideyasını dəstəklədiyini, Mahmudova Ceyran isə plastik torba istifadəsinin azaldılması üzrə tətbiq edilən qanunvericilik tədbirləri barədə yeni biliklər əldə etdiyini bildirib. Qeyd olunub ki, kampusda plastik istifadəsinin azaldılması hər bir tələbənin fəal iştirakını tələb edən kollektiv məsuliyyət məsələsidir.