Prezident İlham Əliyev: Biz Azərbaycan xalqının birliyini gördük

  • Post category:Xəbərlər (AZ)

Prezident İlham Əliyev: Biz Azərbaycan xalqının birliyini gördük

Bakı, 10 noyabr, AZƏRTAC

Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya başında, radio başında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı deyib ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur, çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, etnik təmizləməyə məruz qoyurlar, azərbaycanlılara qarşı etdikləri kimi, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir.