2026-cı ilin 7-8 aprel tarixlərində Mingəçevir Dövlət Universiteti Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Study in Azerbaijan” Təhsil Sərgisində iştirak edir.
Mingəçevir Dövlət Universiteti sərgi zamanı özünün tədris proqramlarını, ixtisas imkanlarını, beynəlxalq əməkdaşlıq əlaqələrini və tələbələr üçün yaradılan müasir təhsil mühitini ziyarətçilərə təqdim edir. Universitetin nümayəndə heyəti tərəfindən azərbaycanlı və qazaxıstanlı dövlət rəsmilərinə, abituriyentlərə, onların valideynlərinə və sərginin digər iştirakçılarına MDU-da təhsil imkanları barədə ətraflı məlumat verilir, suallar cavablandırılır və potensial əməkdaşlıq istiqamətləri müzakirə edilir.
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tapşırıqlarının icrası, eləcə də iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə təşkil olunan sərgi Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq təhsil məkanında tanıdılması baxımından mühüm platforma rolunu oynayır.
Qeyd edək ki, sərgi çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin geniş heyətlə təmsil olunması təmin edilir və ümumilikdə 30-a yaxın universitet bu beynəlxalq platformada iştirak edir.
Eyni zamanda, sərgi çərçivəsində tərəfdaş ali təhsil müəssisələri ilə tətbiqyönümlü əməkdaşlıq imkanları da nəzərdən keçirilir. Bu istiqamətdə ikili diplom proqramları, birgə tədqiqat layihələri, eləcə də tələbə və müəllim mübadiləsi kimi prioritet sahələr üzrə ilkin razılaşmalar əldə olunur.
Qeyd edək ki, sərgi Azərbaycan ali təhsil sisteminin beynəlxalq səviyyədə təşviqinə, eləcə də ölkəmizin təhsil brendinin gücləndirilməsinə mühüm töhfə verir.