Mingəçevir Dövlət Universitetində “Qida təhlükəsizliyi: Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Tədbirdə Təbiət elmləri kafedrasının müdiri Təranə Yusibova, kafedranın professor-müəllim heyəti, magistrantlar və tələbələr iştirak ediblər. Dəyirmi masa qida təhlükəsizliyi sahəsində nəzəri biliklərlə praktiki təcrübənin inteqrasiyasını gücləndirmək, bu istiqamətdə mövcud çağırışları müzakirə etmək və gələcək perspektivləri müəyyənləşdirmək məqsədi daşıyıb.

Tədbir çərçivəsində sahənin həm akademik, həm də tətbiqi aspektlərini əhatə edən məruzələr dinlənilib. Çıxışlarda qidalanmanın insan sağlamlığının əsas determinantlarından biri olduğu vurğulanaraq, ekoloji cəhətdən təmiz və təhlükəsiz qida rasionunun formalaşdırılması yolları geniş şəkildə izah edilib. Bununla yanaşı, qida mənşəli toksinlərin insan orqanizminə, xüsusilə mərkəzi sinir sisteminə təsiri, onların uzunmüddətli nəticələri və profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Təcrübəyə əsaslanan təqdimatlarda qida təhlükəsizliyinin təmin olunmasında laborator analizlərin rolu, mikrobioloji nəzarət mexanizmləri, həmçinin zərərvericilərlə mübarizədə müasir yanaşmalar barədə məlumat verilib. Eyni zamanda, beynəlxalq qida təhlükəsizliyi standartlarının tətbiqi, ekoloji təmiz məhsul istehsalının təşkili və kənd təsərrüfatında innovativ texnologiyaların, o cümlədən dron vasitəsilə monitorinq sistemlərinin istifadəsi müzakirə olunub.

Məruzələrdə ağır metalların və digər çirkləndiricilərin qida zəncirinə daxil olaraq insan sağlamlığına və genofonduna potensial təsirləri, bu risklərin qiymətləndirilməsi və idarə olunması mexanizmləri də xüsusi yer tutub. Qida təhlükəsizliyi sahəsində risklərin azaldılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi, istehlakçı davranışının düzgün istiqamətləndirilməsi və keyfiyyətə nəzarət sistemlərinin təkmilləşdirilməsi zəruri hesab edilib.

Kafedra rəhbərliyi və müəllim heyətinin iştirakı ilə aparılan müzakirələrdə qida təhlükəsizliyi sahəsində kadr hazırlığının müasir laborator baza üzərində qurulması, tələbələrin ixtisas üzrə praktiki bacarıqlarının artırılması, müvafiq dövlət qurumları və laboratoriyalarla əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ön plana çıxıb. Bununla yanaşı, elmi tədqiqatlarda ekoloji monitorinq, neyrotoksikologiya və qida təhlükəsizliyinin rəqəmsal izlənməsi istiqamətlərinin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Dəyirmi masa iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, təqdim olunan elmi yanaşmaların və praktiki nəticələrin tədris prosesində – mühazirə və kurs işlərində istifadəsi tövsiyə edilib.