Şahin Bayramov: Ölkəmizin müasir tarixində yeni şanlı qurtuluş səhifələri yazılır

15.06.2023, AZƏRTAC

Bu gün milli qurtuluşumuzun başlanğıcı və milli dövlətçiliyimizin özünəqayıdışı hesab edilən tarixi hadisədən 30 il ötür. Böyük təntənə ilə qeyd etdiyimiz Milli Qurtuluş Gününün müəllifi Ümummilli Liderimiz Heydər Əliyevdir. Danılmaz faktdır ki, müstəqilliyin ilk illərində müharibə, xaos, sosial, iqtisadi və siyasi tənəzzül, vətəndaş qarşıdurması şəraitində Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bugünkü müstəqil və qüdrətli Azərbaycanın mövcudluğundan söhbət belə gedə bilməzdi. Həqiqətən də hadisələrin sonrakı gedişatı təsdiq etdi ki, 1993-cü ilin iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Bu, o dövrdə “Heydər baba, xalqı bu bəladan qurtar!” və “Azərbaycan öz oğlunu salamlayır” şüarları səsləndirərək öz Ümummilli Liderini böyük sevinc və coşqu ilə qarşılayan xalqımızın inamında da əksini tapırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O bildirib ki, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaq” – deyərək respublikamızın ən çətin anlarında taleyüklü liderlik missiyasını öz üzərinə götürməsi dahi şəxsiyyətin Vətənə sədaqətinin və xalqa bağlılığının səmimi ifadəsi idi. Cəsarətli addımları, yüksək intellekti, uzaqgörən və qətiyyətli siyasəti, zəngin idarəçilik məharəti və dövlətçilik təcrübəsi, titanik və yorulmaz fəaliyyəti sayəsində Ümummilli Lider Azərbaycanı müstəqil dövlət kimi məhv olmaq təhlükəsindən qurtardı. Qısa müddət ərzində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar oldu, dinamik, dayanıqlı və hərtərəfli inkişaf yoluna qədəm qoyuldu. Azərbaycan beynəlxalq arenada nüfuzunu gücləndirərək müstəqilliyini möhkəmləndirdi. Beləliklə, böyük xilaskarlıq missiyasının öhdəsindən şərəf və ləyaqətlə gələn Heydər Əliyev xalqımızın Ümummilli Lideri və Ulu Öndəri zirvəsinə yüksəldi və hər bir azərbaycanlının qəlbində əbədi abidəsini ucaltdı.

Şahin Bayramov deyib: “Müasir Azərbaycan dövlətinin memarı Ulu Öndərin zəngin irsi bu gün də inkişaf yolumuza etibarlı və parlaq surətdə işıq saçır. Əbədiyaşar liderin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın hərtərəfli inkişaf strategiyası hazırda yeni keyfiyyət müstəvisində uğurla reallaşdırılır. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan, dünyada və regionda mövqelərini gücləndirən ölkəmizin müasir tarixində yeni şanlı qurtuluş səhifələri yazılır. Bu, torpaqlarımızın uzunmüddətli erməni işğalından və vandalizmindən qurtuluşudur. Bu, qədim və əzəli məskənlərimizin urbisid və ekosiddən qurtuluşudur. Bu, doğma yurdlarımıza qayıdış həsrətindən, məcburi köçkünlük və qaçqınlıq həyatından qurtuluşdur. Bu, bölgədə söz sahibi olmağın imkanlarından qaynaqlanaraq geosiyasi güclərin diktəsindən qurtuluşdur.

Bütün bunlar bir daha təsdiq edir ki, Milli Qurtuluşdan doğan və tarixi Zəfərlə gücünə güc qatan müasir, qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəridir. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq və onun ideyaları əbədi yaşayacaq. Qədirbilən xalqımız tərəfindən Ulu Öndərin əziz xatirəsi daim böyük ehtiram, sonsuz sevgi və minnətdarlıq hissləri ilə yad ediləcək”.