Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində gənclər üçün hüquqi maarifləndirmə mövzusunda növbəti təlim təşkil olunub.
Universitetdə keçirilən təlimdə gənclərin hüquqi biliklərinin artırılması, onların mediadan düzgün və məsuliyyətli istifadə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də rəqəmsal mühitdə hüquqların qorunması ilə bağlı məlumatlandırılması məqsəd qoyulub.
Təlim TOT sertifikatlı təlimçi, karyera məsləhətçisi və Mingəçevir STEAM Mərkəzinin koordinatoru Müşfiq Tarıverdiyev tərəfindən aparılıb. Təlimçi çıxışında mediada hüquqi maarifləndirmənin əsas prinsipləri, gənclərin hüquq və vəzifələri, sosial mediada hüquqların qorunması mexanizmləri barədə ətraflı məlumat verib. Təlim interaktiv metodlar və praktiki nümunələr əsasında təşkil olunub.
Təlim zamanı iştirakçılar qanunvericilik sahəsində əsas biliklər əldə edib, öz hüquqlarını daha yaxşı tanımaq və mediada informasiya ilə düzgün və məsuliyyətli şəkildə işləmək bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Eyni zamanda, keçirilən müzakirələr gənclərin ictimai fəallığının artırılmasına, onların şəxsi və ictimai hüquqlarını müdafiə etmə bacarıqlarının gücləndirilməsinə, cəmiyyətlə ünsiyyət və iştirak imkanlarının genişlənməsinə töhfə verib.
Təlimçi Müşfiq Tarıverdiyev çıxışı zamanı qeyd edib ki, bu cür maarifləndirici təşəbbüslər gənclərin həm şəxsi, həm də ictimai hüquqlarını müdafiə etmək qabiliyyətini gücləndirir və mediadan məsuliyyətli istifadə vərdişlərinin formalaşmasına xidmət edir.
Qeyd edək ki, layihənin rəhbəri Vaqif Fətullayevdir. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilir və gənclərin hüquqi maarifləndirilməsi istiqamətində mühüm töhfə verməyi hədəfləyir.