Mingəçevir Dövlət Universitetinin tələbələri üçün sənaye–universitet əməkdaşlığının inkişafı və dayanıqlı inkişaf prinsiplərinin təşviqi məqsədilə REŞ MMC-də “Sənaye müəssisələrində Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) və innovasiya üzrə təlimlərin həyata keçirilməsi” mövzusunda praktiki təlim təşkil olunub. Tədbir tələbələrin nəzəri biliklərinin real istehsalat mühitində tətbiqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Təlim çərçivəsində tələbələr müasir sənayenin aktual istiqamətləri üzrə geniş və praktiki yönümlü biliklər əldə ediblər. Xüsusilə dayanıqlı istehsal və enerji səmərəliliyi, sənaye təhlükəsizliyi və yaşıl texnologiyalar, eləcə də innovasiya idarəçiliyi mövzularına xüsusi diqqət yetirilib. Qeyd olunub ki, bu istiqamətlər müasir sənayenin rəqabət qabiliyyətinin artırılması və ekoloji məsuliyyətin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Təlimdə Energetika kafedrasının müəllimi Alim Nəcəfov və REŞ MMC-nin baş mühəndisi Rövşən Mustafayev çıxış edərək tələbələrə dayanıqlı inkişaf prinsiplərinin sənaye müəssisələrində tətbiqi, resurslardan səmərəli istifadə, eləcə də müəssisələrin beynəlxalq dayanıqlılıq standartlarına uyğunlaşması barədə ətraflı məlumat veriblər. Çıxışlarda nəzəri biliklərin istehsalat prosesində tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb.
Təlimin əsas məqsədi tələbələrdə resurs səmərəliliyi və təmiz istehsal bacarıqlarının formalaşdırılması, sənaye–universitet əməkdaşlığının daha da gücləndirilməsi və gələcək mütəxəssislərin yaşıl iqtisadiyyatın tələblərinə uyğun hazırlanması olub.
Sonda qeyd olunub ki, Mingəçevir Dövlət Universiteti tələbələrin praktiki bilik və bacarıqlarının artırılması istiqamətində sənaye tərəfdaşları ilə əməkdaşlığını davam etdirir və bu kimi təşəbbüslər gələcəkdə daha geniş miqyasda həyata keçiriləcək.