You are currently viewing Şahin Bayramov: Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi (AZERTAC)

Şahin Bayramov: Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi (AZERTAC)

AZERTAC 08.11.2022

Bu gün müstəqillik tariximizin ən şanlı səhifələrindən olan Qarabağ Zəfərinin qazanılmasından iki il ötür. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi. Cəsur əsgər və zabitlərimiz döyüş meydanlarında misilsiz şücaət göstərib30 illik yurd həsrətinə son qoyaraq Vətən tarixinin qəhrəmanlıq salnaməsini yazdılar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov söyləyib.

O deyib: “Tarixi Zəfərin qazanılması ilə Ulu Öndərin xalqımıza miras qoyduğu müstəqil və müasir Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu və tarixi ədalət bərpa edildi. Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin sözləri ilə desək, “Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır”.

Uzun müddət erməni işğalında qalan torpaqlarımızda hazırda Azərbaycanın üçrəngli bayrağı dalğalanır və əzəli yurdlarımızda irimiqyaslı abadlıq və quruculuq işləri aparılır. Bütün bunlara görə canını və qanını Vətən torpağının bir qarışı üçün belə əsirgəməyən, şanlı Qələbəni xalqımıza bəxş edən qəhrəman şəhidlərimizə borcluyuq. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, hər zaman dərin ehtiram və sonsuz minnətdarlıq hissləri ilə yad ediləcək. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”.

“Böyük fəxarət hissləri ilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsi dövründə Mingəçevir Dövlət Universitetinin tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak edib və yüksək həmrəylik göstəriblər. Tarixi Zəfər yürüşündə universitetin 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Həmçinin MDU-nun bir məzunu bu ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız dövlətimizin başçısı tərəfindən müvafiq orden və medallarla təltif olunublar”,- deyə Şahin Bayramov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan xalqı Zəfər qazanmış ölkənin qalib vətəndaşlarıdır. Biz torpaqlarımızın işğal tarixlərini deyil, azad olunması günlərini və Zəfər bayramını qeyd edirik. Bu, hər bir azərbaycanlını sonsuz dərəcədə sevindirir və qürurlandırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bundan sonra müzəffər ölkə və Qalib xalq kimi əbədi yaşayacağıq”. Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!