Mingəçevir Dövlət Universitetində “Sənaye 4.0, Rəqəmsal Transformasiya və İnfrastrukturun Modernləşdirilməsi” mövzusunda seminar keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində “Sənaye 4.0, Rəqəmsal Transformasiya və İnfrastrukturun Modernləşdirilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib. Tədbir 16 mart 2026-cı il tarixində baş tutub. Seminarın moderatorları Nərmin Əhmədova və Şəbnəm Nəsirova olub.

Tədbir giriş sözü ilə başlayıb. Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və İnformasiya texnologiyaları kafedrasının müdiri Aida Mustafayeva çıxışlarında rəqəmsal transformasiyanın müasir dövrdə iqtisadi inkişafın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, innovativ texnologiyaların tətbiqinin əhəmiyyətini diqqətə çatdırıblar.

Seminar çərçivəsində bir sıra aktual mövzular üzrə məruzələr təqdim olunub. Dinara İslamova “Smart Grid texnologiyalarının inkişaf perspektivləri və ağıllı enerji şəbəkələrinin tətbiq mexanizmlərinin təhlili” mövzusunda çıxış edərək enerji resurslarının səmərəli idarə olunması imkanlarını izah edib. Məhəsti Əliyeva “Rəqəmsal imtahan sistemləri: texniki tələblər və təhlükəsizlik problemləri” mövzusunda təqdimatla çıxış edərək elektron imtahan sistemlərində təhlükəsizlik məsələlərinin əhəmiyyətini vurğulayıb. Aysu Süleymanova “İnformasiya texnologiyalarında bulud texnologiyalarının gələcək perspektivləri və rolu” mövzusunda çıxış edərək bulud texnologiyalarının məlumatların saxlanması və emalındakı rolunu diqqətə çatdırıb. Gülay Bəhramova isə “Front-end texnologiyalarının səmərəlilik müqayisəsi” mövzusunda təqdimat edərək müxtəlif texnologiyaların performans və istifadəçi təcrübəsi baxımından müqayisəsini təqdim edib.

Seminar çərçivəsində mövzular ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində sənaye 4.0, rəqəmsal transformasiya və infrastrukturun modernləşdirilməsi istiqamətlərində aparılan elmi tədqiqatların inkişaf etdirilməsi, innovativ yanaşmaların təşviqi və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması məqsədilə bu kimi elmi-praktiki seminarlar mütəmadi olaraq təşkil olunur.