Mingəçevir Dövlət Universitetində sənaye tullantılarının idarə olunmasına həsr olunmuş elmi-praktik təlim keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində Fizika və ekologiya kafedrasının müəllimi Vəliyeva Natəvan İbrahim qızı tərəfindən “Sənayedə tullantıların yenidən istifadəsi və bərpası” mövzusunda elmi-praktik təlim keçirilib.

Təlimin əsas məqsədi tələbələrə sənaye tullantılarının idarə olunması, onların ətraf mühitə təsiri və müasir yanaşmalar barədə biliklərin aşılanması, eləcə də dayanıqlı istehsal prinsiplərinin təşviq edilməsi olub.

Tədbir çərçivəsində sənaye tullantılarının təsnifatı, onların ətraf mühitə mənfi təsirləri və bu təsirlərin azaldılması istiqamətində tətbiq olunan müasir idarəetmə üsulları haqqında ətraflı məlumat verilib. Xüsusilə tullantıların yenidən istifadəsi, təkrar emalı və enerji bərpası mexanizmləri, həmçinin dairəvi iqtisadiyyat və “sıfır tullantı” prinsipləri tələbələrə izah olunub.

Təlim zamanı tələbələrlə interaktiv müzakirələr aparılıb, mövzu ilə bağlı fikir mübadiləsi həyata keçirilib və onların sualları cavablandırılıb.

Tədbirin sonunda tələbələrdə ekoloji məsuliyyətin artırılması, resurslardan səmərəli istifadə vərdişlərinin formalaşdırılması və dayanıqlı istehsal prinsiplərinin mənimsənilməsi istiqamətində mühüm bilik və bacarıqların əldə olunduğu qeyd edilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində ətraf mühitin qorunması, resursların səmərəli idarə olunması və davamlı inkişaf prinsiplərinin təşviqi istiqamətində mütəmadi olaraq elmi-praktik və maarifləndirici tədbirlər həyata keçirilir.