Mingəçevir Dövlət Universitetində (MDU) “Tələbələr üçün sağlamlıq texnologiyaları yarışı” təşkil olunub.
Universitetin Fizika və ekologiya kafedrası, İnformasiya texnologiyaları kafedrası və Ömürboyu Təhsil Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi sağlamlıq sahəsində rəqəmsal innovasiyaların təşviqi, tələbələr arasında texnoloji düşüncə mədəniyyətinin gücləndirilməsi və onların bu sahədə praktiki bacarıqlarının inkişafına dəstək vermək olub.
Yarış çərçivəsində iştirakçılar sağlamlıq problemlərinə texnoloji və sistemli yanaşmalar təqdim edərək rəqəmsal səhiyyə həlləri üzərində innovativ ideyalar hazırlayıblar. Komandalar fərdi sağlamlıq monitorinq sistemləri, süni intellekt əsaslı risk analiz modelləri, tələbə həyat tərzinə uyğun sağlamlıq tətbiqləri və profilaktik səhiyyə platformaları istiqamətlərində layihələr təqdim ediblər.
Tədbir müddətində iştirakçılar real istifadəçi ehtiyaclarını nəzərə alaraq məlumatların emalı, davranış analitikası və rəqəmsal sağlamlıq ekosistemlərinin dizaynı üzərində çalışıblar. Bu yanaşma onların texnoloji biliklərini real sosial ehtiyaclarla əlaqələndirməsinə imkan yaradıb.
Yarışın iş mərhələsində komandalar intensiv əməkdaşlıq şəraitində fəaliyyət göstərərək ideyalarını inkişaf etdirib ilkin prototiplər hazırlayıblar. Qısa müddət ərzində konseptlərini praktik modellərə yaxınlaşdıran iştirakçılar mühəndislik düşüncəsi və innovativ yanaşma bacarıqlarını daha da gücləndiriblər.
Yekun mərhələdə komandalar layihələrini münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə innovativlik, tətbiq imkanları, sosial təsir və texnoloji əsaslandırma meyarları əsasında aparılıb. Seçilən layihələr perspektivli həllər kimi qeyd olunub və onların gələcək inkişafı ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, “Tələbələr üçün sağlamlıq texnologiyaları yarışı” universitetdə innovasiya mühitinin genişlənməsinə, sağlamlıq texnologiyaları sahəsində yeni ideyaların formalaşmasına və tələbələrin rəqəmsal səhiyyə ekosistemində fəal iştirakına mühüm töhfə verir.