MDU-da korrupsiyaya qarşı mübarizəyə aid elmi-praktiki seminar keçirilib

2025-ci ilin 7 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya  və Suverenlik ili” çərçivəsində  “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planından irəli gələn vəzifələr” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbir korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin gücləndirilməsi, şəffaflığın artırılması və etik davranış prinsiplərinin təbliği məqsədilə təşkil olunub.

Seminarı MDU-nun rektoru Anar Eminovun tədbir iştirakçılarına salamlarını çatdıraraq açan Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev  tədbirin məqsəd və əhəmiyyətindən danışaraq qeyd edib ki, ali təhsil müəssisələrində şəffaf idarəetmənin təmin olunması, dürüstlük və məsuliyyət prinsiplərinin təşviqi mühüm prioritetlərdəndir.

Açılış nitqindən sonra mövzuya dair hazırlanan videoçarx nümayiş etdirilib, daha sonra seminarın proqramına uyğun olaraq müzakirələr dinlənilib.

MDU-nun hüquqşünası Polad Atayev “Təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmənin artırılması” mövzusunda çıxış edib.

İqtisadiyyat kafedrasının müəllimi Arif Kələşov “Dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsində şəffaflığın yüksəldilməsi” istiqamətində aparılan işlərdən danışıb.

İnsan resursları şöbəsinin baş mütəxəssisi Nurlana Hüseyn isə “İşə qəbul prosedurlarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda məruzə edib.

Çıxışlardan sonra iştirakçılar arasında geniş müzakirələr aparılıb,təklif və rəylər səsləndirilib.

Qeyd edək ki, MDU-da “Konstitusiya  və Suverenlik ili” çərçivəsində müxtəlif formatlı tədbirlər keçirilir.