MDU-da gənclərin sağlam həyat tərzinə təşviqinə həsr olunan elmi-praktik seminar keçirilib

2025-ci ilin 14 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Konstitusiya və Suverenlik ili çərçivəsində “Gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin aparılması, sağlam həyat tərzinin təbliği” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbirin məqsədi gənclər arasında narkomaniya, alkoqolizm kimi sosial bəlaların fəsadları barədə məlumatlılığın artırılması, sağlam həyat tərzinin və sağlam ətraf mühitin təbliğ olunması olub.

Seminarın moderatoru MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev iştirakçıları rektor Anar Eminovun adından salamlayaraq mövzunun aktuallığından, gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyindən danışıb.

Tədbirdə müxtəlif istiqamətləri əhatə edən məruzələr dinlənilib. MDU-nun hüquqşünası Polad Atayev “Narkomaniyaya qarşı təbliğat və narkomaniyanın fəsadları” mövzusunda çıxış edərək bu problemin hüquqi və sosial tərəflərinə toxunub.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgüz Niftəliyeva “Gənclərdə narkomaniyaya qarşı barışmaz münasibətin formalaşdırılması və sağlam həyat tərzinin təbliği” adlı məruzəsində psixoloji və pedaqoji aspektlərdən bəhs edib.

Humanitar fənlər kafedrasının müəllimi Zəka Ədilbəyli isə “Narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi” mövzusunda məruzə ilə çıxış edərək bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Seminar çərçivəsində mövzuya dair videoçarx nümayiş olunub və iştirakçılar arasında geniş müzakirələr aparılıb.