Davamlı inkişaf prinsiplərinin tətbiqini prioritet istiqamətlərdən biri kimi müəyyən edən Mingəçevir Dövlət Universiteti kampus daxilində ekoloji dayanıqlılığın gücləndirilməsi və resurslardan səmərəli istifadənin təmin olunması məqsədilə su idarəçiliyi sahəsində mühüm yeniliklər həyata keçirib.
Universitetdə su israfının qarşısının alınması, su sərfiyyatının optimallaşdırılması və ekoloji məsuliyyətin artırılması məqsədilə mövcud su kranları mərhələli şəkildə sensorlu sistemlərlə əvəz olunub. Yeni texnologiyaların tətbiqi su istifadəsinə avtomatik nəzarəti təmin etməklə yanaşı, gündəlik su sərfiyyatının əhəmiyyətli dərəcədə azalmasına imkan yaradır. Sensorlu sistemlər xüsusilə sanitariya və gigiyena baxımından daha təhlükəsiz və müasir istifadə mühiti formalaşdırır.
Bununla yanaşı, universitet ərazisində istifadə olunan suyun keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir su filtrasiyası və yumşaldıcı sistemlər quraşdırılıb. Tətbiq olunan filtrasiya texnologiyaları suyun daha təmiz, təhlükəsiz və istifadəyə yararlı vəziyyətə gətirilməsini təmin edir. Bu yanaşma həm tələbə və əməkdaşların sağlamlığına müsbət təsir göstərir, həm də su infrastrukturlarının uzunömürlülüyünü artırır.
Həyata keçirilən tədbirlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə “Təmiz Su və Sanitariya” istiqamətinin dəstəklənməsinə xidmət edir. Eyni zamanda bu təşəbbüslər universitetin yaşıl kampus strategiyası, ekoloji idarəetmə siyasəti və beynəlxalq dayanıqlılıq reytinqlərində iştirak göstəricilərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mingəçevir Dövlət Universiteti bundan sonra da ekoloji davamlılıq, yaşıl transformasiya və resursların məsuliyyətli idarə olunması istiqamətində fəaliyyətini davam etdirməyi qarşıya əsas məqsədlərdən biri kimi qoyur.