MDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bədii gecə keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Bir günün tarixi” mövzusunda bədii gecə keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.

Öncə soyqırım qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırladığı qısametrajlı film nümayiş olunub.

Film nümayişindən sonra MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Leyla Babayeva “31 Mart- Tarixi yaddaşımızdan silinməyən soyqırım” mövzusunda məruzə ilə çıxış edib. Çıxış zamanı azərbaycanlılara qarşı törədilmiş dəhşətli hadisənin günahkarları, xalqımızın həmrəy olmasında zəmin yaradan faktorlar, gerçəklərin üzə çıxarılması və soyıqırıma hüquqi qiymətin verilməsi barədə tədbir iştirakçılarına məlumat verilib.

Maraqla qarşılanan məruzədən sonra “Sündü” bədii filmi nümayiş olunub.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə mühüm əhəmiyyət verilir.