2024-cü il mayın 27-də Mingəçevir Dövlət Universitetində (MDU) “Məişət zorakılığına qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlının icrası” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirə MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev moderatorluq edib. V.Mustafayev MDU-da keçirilən bu kimi seminarların əhəmiyyətini vurğulayaq, ölkəmizdə məişət zorakılığı və onun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
MDU-nun hüquqşünası Polad Atayev “Məişət zorakılığı, növləri, fəsadları və qarşısının alınmasının hüquqi əsasları” və MDU-nun Pedaqogika və Psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Məişət zorakılığının qarşısının alınmasının psixoloji aspektləri” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə iştirakçılara ətraflı məlumat verərək, ölkəmizdə məişət zorakılığına qarşı mübarizədən, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınmasından, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsindən, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması üçün həyata keçirilən tədbirlədən bəhs ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, MDU-da məişət zorakılığına qarşı mübarizəyə dair müxtəlif formatlı tədbirlər həyata keçirilir.