Tələbələrimiz pedaqoji təcrübədə

  • Post category:Təhsil

2023/2024-cü tədris ilinin yaz semesterində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin buraxılış kursları üzrə təhsil alan tələbələri pedaqoji təcrübələrini uğurla davam etdirirlər.

Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə təcrübədə olan fəal tələbələrimizdən Xarici dil müəllimliyi ixtisasının IV kurs tələbəsi Arzu Əliyeva 2024-cü ilin 29 fevralında açıq dərs təşkil edib.

Təcrübə müddətində ümumilikdə 6, 7 və 8-ci siniflərdə dərslərə qatılan Arzu Əliyeva liseyin 6-cı sinfinin 12 şagirddən ibarət olan yarımqrupunda təşkil etdiyi açıq dərs “Food Pyramid” (“Qida piramidası”) adlı mövzunu əhatə edib.

Müasir dərsin bütün tələblərinə cavab verən bir nümunə yaratmağa çalışan tələbəmiz dilin və mövzunun daha asan mənimsənilməsi üçün maraqlı slayd və videoçarx hazırlayıb, şagirdlərin diqqətini çəkən şəkilli məlumatlar təqdim edib. Onun mövzu ilə əlaqəli video təqdimatı məktəblilər tərəfindən maraqla dinlənilib. Dərs boyu müxtəlif tapşırıqlar və beyin oyunları keçirilib. Şagirdlər gənc pedaqoqun təşkil etdiyi komanda yarışmasında çox gözəl və fəal iştirak ediblər. Sonda qalib gələn qrupun üzvlərinin mükafatlandırılması şagirdlərin dərsə daha həvəsli yanaşmasına səbəb olub.

Çox sevindirici haldır ki, MDU tələbəsininin keçdiyi açıq dərs sinfin əsas fənn müəllimi və digər müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib və  uğurlu dərs kimi dəyərləndirilib.

Qeyd edək ki, praktiki peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, qazanılmış nəzəri biliklərin tətbiqi, genişləndirilməsi və sistemləşdirilməsi baxımından tələbələrin tədris planının vacib tərkib hissələrindən sayılan təcrübələrin səmərəli təşkili MDU-da hər zaman diqqət mərkəzində saxlanılır.