Mingəçevir Dövlət Universitetində “Təhlükəsiz kampus mühiti və risklərin azaldılması” mövzusunda təlim keçirilib

  • Post category:Mexanika

2025-ci ilin 1 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Təhlükəsiz kampus mühiti və risklərin azaldılması” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd universitet mühitində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, fövqəladə vəziyyətlər zamanı düzgün davranış qaydalarının təbliği və potensial risklərin idarə olunması istiqamətində iştirakçıların məlumatlandırılması olub.

Tədbirdə Mexanika kafedrasının gənc müəllimi Məcid Bədəlov mövzu üzrə hazırladığı təqdimatla çıxış edib. O, slaydlar vasitəsilə təhlükəsiz kampus mühitinin yaradılmasının əhəmiyyəti, təhsil müəssisələrində yarana biləcək risk faktorları və onların qarşısının alınması yolları barədə ətraflı məlumat verib.

Çıxışı zamanı MDU üçün yeni tikilən korpus və digər obyektlərdə baş verə biləcək fövqəladə hallarda risklərin qiymətləndirilməsi, təhlükəli situasiyalarda davranış qaydaları, xilasetmə tədbirləri və ərazidən evakuasiya prosesinin düzgün təşkili məsələləri geniş şəkildə izah olunub. Təlim çərçivəsində iştirakçılara təhlükəsizlik qaydalarına riayət etməyin əhəmiyyəti və bu sahədə maarifləndirmə tədbirlərinin davamlı aparılmasının vacibliyi vurğulanıb.

Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və təhlükəsiz kampus mühitinin təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.