Mingəçevir Dövlət Universitetinin tələbələri “Təmiz Şəhər” ASC-ə infotur ediblər

Mingəçevir Dövlət Universitetinin tələbələri ekoloji maarifləndirmə və davamlı inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən təşkil olunan Balaxanı Sənaye Parkına infoturda iştirak ediblər.

İnfoturun əsas məqsədi tələbələrin tullantıların idarə olunması, çeşidlənməsi və təkrar emal prosesləri barədə praktiki biliklərinin artırılması, ekoloji məsuliyyət və yaşıl düşüncə tərzinin formalaşdırılması olub.

Səfər çərçivəsində iştirakçılar Balaxanı ərazisində fəaliyyət göstərən müasir təkrar emal müəssisələrinin iş prinsipi ilə yaxından tanış olublar. Tələbələr məişət tullantılarının çeşidlənməsi, plastik, kağız, şüşə və digər materialların yenidən emala yönləndirilməsi, tullantılardan enerji əldə olunması və ətraf mühitə təsirin minimuma endirilməsi istiqamətində tətbiq olunan innovativ texnologiyalar barədə ətraflı məlumat əldə ediblər.

İnfotur zamanı tullantıların düzgün idarə olunmasının karbon emissiyalarının azaldılması, resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyat modelinin inkişafındakı rolu xüsusi vurğulanıb. Bildirilib ki, bu kimi maarifləndirici səfərlər tələbələrin ekoloji məsuliyyətinin artırılması və onların yaşıl kampus təşəbbüslərinə daha fəal qoşulması baxımından mühüm əhəmiyyət daşıyır.