Mingəçevir Dövlət Universitetində innovasiya yönümlü sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və gənclərin startap ekosistemi ilə daha yaxından tanış olması məqsədilə “Startap və Texnoloji Sahibkarlıq Modelləri” mövzusunda təlim təşkil olunub.
Tədbir universitetin Ömürboyu Təhsil Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib və startap ideyalarını inkişaf etdirmək istəyən tələbələr və gənc mütəxəssislər üçün nəzərdə tutulub.
Təlim çərçivəsində iştirakçılara startap anlayışının mahiyyəti, texnologiya əsaslı sahibkarlığın müasir iqtisadiyyatda rolu və innovativ ideyaların biznes modelinə çevrilməsi prosesi barədə ətraflı məlumat verilib. Sessiya zamanı startap ideyasının formalaşdırılması, bazar ehtiyaclarının müəyyənləşdirilməsi, minimum məhsul modeli (MVP) yanaşması və layihələrin inkişaf strategiyalarının qurulması kimi mövzular xüsusi diqqət mərkəzində olub.
Eyni zamanda iştirakçılar texnoloji startapların qurulması prosesində komanda formalaşdırılması, risklərin idarə olunması, maliyyələşdirmə imkanları və investisiya cəlb etmə mexanizmləri ilə bağlı praktiki biliklər əldə ediblər. Təlimdə uğurlu startap nümunələri və onların inkişaf mərhələləri haqqında məlumatlar təqdim olunaraq real təcrübəyə əsaslanan yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv müzakirələr və fikir mübadiləsi şəraitində keçirilən təlim iştirakçıların öz ideyalarını paylaşmasına, startap fəaliyyətinin müxtəlif mərhələləri barədə suallarını müzakirə etməsinə və innovativ sahibkarlıq sahəsində yeni baxışlar formalaşdırmasına imkan yaradıb.
“Startap və Texnoloji Sahibkarlıq Modelləri” mövzusunda keçirilən bu təlim gənclərin texnologiya əsaslı biznes təşəbbüslərinə marağını artırmaq, onların innovativ düşüncə və sahibkarlıq bacarıqlarını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində innovasiya və sahibkarlıq mühitinin inkişafı, tələbələrin praktiki bacarıqlarının artırılması və startap ekosisteminə inteqrasiyasının dəstəklənməsi istiqamətində bu kimi maarifləndirici təlimlər mütəmadi olaraq təşkil olunur.