Mingəçevir Dövlət Universitetində “Texnoloji Həllərlə İqtisadi Artımı Stimullaşdıran Startap Yarışı” keçirilib

Mingəçevir Dövlət Universitetində iqtisadi inkişafın texnoloji innovasiyalar vasitəsilə dəstəklənməsi, gənclərin sahibkarlıq təşəbbüslərinin təşviqi və müasir texnologiyalar əsasında iqtisadi artımın stimullaşdırılması məqsədilə “Texnoloji Həllərlə İqtisadi Artımı Stimullaşdıran Startap Yarışı” təşkil olunub.

Tədbir MDU-nun İqtisadiyyat və İT kafedralarının birgə təşkilatçılığı ilə həyata keçirilib. Yarış tələbələrə iqtisadiyyatın müxtəlif sahələrində mövcud problemlərə innovativ və texnoloji əsaslı həllər təqdim etmək üçün geniş imkan yaradıb.

Yarış çərçivəsində iştirakçılar rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun startap layihələri hazırlayıblar. Komandalar tərəfindən kiçik və orta biznesin rəqəmsal transformasiyası, elektron ticarət platformalarının inkişafı, istehsal proseslərinin avtomatlaşdırılması, resursların səmərəli idarə olunması üçün proqram təminatları, eləcə də maliyyə texnologiyaları (FinTech) sahəsində innovativ həllər təqdim edilib. Layihələr həm texnoloji yenilik, həm də iqtisadi səmərəlilik baxımından qiymətləndirilib.

Tədbirin əsas məqsədi tələbələrin iqtisadi proseslərə texnoloji yanaşma bacarıqlarını inkişaf etdirmək, onları real iqtisadi problemlərin həllinə yönəlmiş innovativ ideyalar irəli sürməyə təşviq etmək olub. İştirakçılar komandalar şəklində çalışaraq ideyalarını konsepsiya mərhələsindən biznes modelinə qədər inkişaf etdirib, bazar potensialı və iqtisadi təsiri əsaslandırılmış təqdimatlarla çıxış ediblər.

Yarışın yekun mərhələsində iştirakçı komandalar layihələrini İqtisadiyyat və İT kafedralarının nümayəndələrindən ibarət münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə zamanı layihələrin innovativliyi, texnoloji həllərin keyfiyyəti, iqtisadi artıma töhfə potensialı, tətbiq imkanları və biznes modelinin davamlılığı əsas meyarlar kimi nəzərə alınıb. Münsiflər heyəti tərəfindən seçilən perspektivli ideyalar xüsusi qeyd olunub və onların gələcək inkişafı, o cümlədən inkubasiya proqramlarına yönləndirilməsi istiqamətində iştirakçılara tövsiyələr verilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində innovasiya və sahibkarlıq mühitinin inkişafı, tələbələrin nəzəri biliklərinin praktik tətbiqinə şərait yaradılması və rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi məqsədilə bu kimi təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.