Mingəçevir Dövlət Universitetinin tələbələri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə kitab müzakirəsi keçiriblər

  • Post category:MDU xəbərləri

2026-cı ilin 7 mart tarixində Mingəçevir şəhər Gənclər Evində Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş kitab müzakirəsi keçirilib.

Müzakirə çərçivəsində Hüseyn Cavidin “Qadın gülərsə…” adlı əsər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən tələbələr əsərin məzmunu, ideyası və qadın mövzusunun ədəbiyyatda təqdimatı ilə bağlı düşüncələrini bölüşərək mövzu ətrafında aktiv müzakirələr aparıblar.

Müzakirə zamanı əsərdə qaldırılan sosial və mənəvi məsələlər, qadının cəmiyyətdəki rolu və ədəbi obrazların təqdimatı barədə müxtəlif yanaşmalar səsləndirilib, tələbələr tərəfindən əsərin ideya-məzmun xüsusiyyətləri təhlil olunub.

Bildirilib ki, bu cür müzakirələr tələbələr arasında mütaliə mədəniyyətinin təşviqinə, gənclərin analitik düşünmə və ədəbi təhlil bacarıqlarının inkişafına, eyni zamanda aktual sosial mövzuların gənclərin baxış bucağından müzakirəsinə mühüm töhfə verir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin intellektual inkişafını dəstəkləmək, mütaliə vərdişlərini və ictimai fəallığını artırmaq məqsədilə müxtəlif ədəbi və maarifləndirici tədbirlər mütəmadi olaraq təşkil olunur.