Mingəçevir Dövlət Universitetində “Rəqəmsal Torpaq Monitorinqi Platforması” müsabiqəsi keçirilib

  • Post category:MDU xəbərləri

13 mart 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Rəqəmsal Torpaq Monitorinqi Platforması” (Gələcəyin Torpağı – Rəqəmsal Monitorinq) mövzusunda müsabiqə keçirilib.

Müsabiqədə ideya mərhələsində olan innovativ layihələr üzrə ümumilikdə 1-5 nəfərdən ibarət 6 komanda iştirak edib. İştirakçılar qarşısında torpaq monitorinqi sahəsində rəqəmsal və texnoloji həllərin hazırlanmasına yönəlmiş texniki tapşırıqlar müəyyən edilib. Bu çərçivədə torpağın rütubətinin ölçülməsi, duzluluq xəritəsinin hazırlanması, peyk monitorinqi və mobil tətbiq interfeysləri, torpağın şoranlığını müəyyən edən mexanizmlər və digər əlaqəli istiqamətlər üzrə tədqiqat və layihə təqdimatları həyata keçirilib.

Təqdim olunan layihələr region fermerləri üçün ağıllı analiz sistemləri, torpaq məlumatlarının smart analizi, peyk və süni intellekt texnologiyalarının tətbiqi ilə rütubətin təyini, torpağın peyk monitorinqi və mobil tətbiqlər üzərindən idarə olunması, eləcə də torpaq şoranlığının müəyyən edilməsi kimi aktual və praktiki əhəmiyyət daşıyan istiqamətləri əhatə edib.

Layihələrin qiymətləndirilməsi məqsədilə münsif heyətində Mingəçevir Dövlət Universitetinin akademik heyəti ilə yanaşı, iş dünyasının nümayəndələri də təmsil olunub. Aqronom, fermer və sahibkar Elvin Atakişiyev münsif qismində iştirak edərək tələbələrlə real sektorun tələbləri və praktiki yanaşmalar barədə fikirlərini bölüşüb.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən AgroScan komandası I yerə, Zirvə komandası II yerə, Terrasence komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin innovativ düşüncəsinin inkişaf etdirilməsi, onların real problemlərə texnoloji həllər təqdim etmə bacarıqlarının gücləndirilməsi və praktiki yönümlü biliklərinin artırılması məqsədilə bu kimi müsabiqə və təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.