2025-ci ilin 22 noyabr tarixində Mingəçevir Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetinin (MDU) turizm istiqamətində olan ixtisaslarda təhsil alan tələbələri üçün “Turizm biznesi” mövzusunda təlim keçirilib.
Təlim turizm sahəsinin inkişaf dinamikası, bu sektorda baş verən yeniliklər və turizm biznesinin perspektiv imkanları haqqında məlumatların geniş auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb edib.
Universitetin akt zalında keçirilən təlimdə MDU ilə yanaşı Mingəçevir Turizm Kollecinin tələbələri də iştirak ediblər.
Turizm üzrə ekspert Vüqar Dərgahov çıxışında turizm sektorunun iqtisadiyyatdakı rolunun artmasından danışaraq sahənin gələcək inkişaf istiqamətləri və gənclər üçün yaranan imkanları diqqətə çatdırıb. O, tələbələrə beynəlxalq turizm təcrübələri, biznes modelləri, real iş nümunələri və sahədə müşahidə olunan ən son trendlərlə bağlı ətraflı məruzə edib.
Təlim boyunca tələbələr fəal şəkildə suallar verib, müzakirələrə qoşulub və praktiki nümunələrlə zəngin bir mühitdə biliklərini daha da dərinləşdiriblər.
Qeyd edək ki, MDU-da tələbələrin həm nəzəri, həm də praktiki hazırlığının gücləndirilməsi prioritet istiqamətlərdən biridir və son dövrlər universitet-sənaye əməkdaşlığı çərçivəsində bu sahədə ardıcıl addımlar atılır. Tələbələrin istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi, real iş mühitinə inteqrasiya olunması və praktiki səriştələrinin artırılması məqsədilə müxtəlif yerli və beynəlxalq turizm təşkilatları ilə əməkdaşlıq əlaqələri qurulur.